12 milyon dollarlıq dələduzluq işində xidmətçi ifadə verdi
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində C.Canıyevin sürücüsü və xidmətçisi ifadə verib.
Prosesdə ifadə verən təqsirləndirilən şəxsin sürücüsü bildirib ki, o, C.Canıyevin kimdənsə pul almasını və ya kiməsə pul verməsini görməyib: "Mən, sadəcə, onun sürücüsü olmuşam, işə aparıb evinə gətirmişəm, hansısa görüşlərə gedəndə yanında olmamışam və kimdənsə pul aldığını görməmişəm".
Prosesdə ifadə verən C.Canıyevin ailə xidmətçisi isə bildirib ki, evində qulluqçu işlədiyi dövrdə onun evinə ailə üzvləri, valideynləri və yaxın qohumlarından başqa heç kim gəlməyib.
İttihama görə, iş adamı C.Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla, onlardan külli miqdarda pul alıb. C.Canıyev ümumilikdə, 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində