Azərbaycan Avropa üçün vacib ölkəyə çevrilir
"Prezident İlham Əliyevin Avropa İttifaqından olan nümayəndələrlə son görüşündə bəzi məsələləri xüsusi vurğulaması çox yerinə düşdü. Fikrimcə, dövlət başçısının bu çıxışı həm oradakı diplomatların Azərbaycan haqqında bilgilərini artırdı, həm də onların Azərbaycanın mövqeyini yenidən dərindən dərk etməsinə təsir etdi".
/>
Bunu XalqTV.com-a açıqlamasında politoloq, professor Fikrət Sadıxov Prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi fikirləri şərh edərkən bildirib.
/>
Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır və bunu prioritet hesab edir. Azərbaycanın Avropaya istiqamətlənmiş kursu var və bundan dönmür. Hətta bununla bağlı bir sıra qanunvericilik aktları da qəbul edilib. Amma bəzi hallarda Avropada ölkəmizə qarşı əsassız və qərəzli tənqidi ifadələrin, bəyanatların səslənməsi Azərbaycanı qıcıqlandırır:
"Biz hər dəfə belə hallarla bağlı öz sözümüzü deyir, mövqeyimizi bildirir və lazım olan addımları atırıq. Lakin dövlət başçısı avropalı nümayəndələrlə görüşdə bu məsələlərin üzərində ətraflı dayandı. Prezident hücumedici diplomatik formada onlara çatdırdı ki, bəzən Avropa ölkələrində nümayişçilərə qarşı sərt tədbirlər həyata keçirilir, polis zorakılığı olur, ancaq heç kəs həmin ölkələri buna görə demokratiyanın olmamasında və zorakılıqda ittiham etmir. Ona görə də bu baxımdan Azərbaycana qarşı da yanaşma obyektiv olmalı, oxşar addımlara görə qərəzli tənqid edilməməlidir.
Bundan başqa, Azərbaycana irad tutulur ki, guya Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını yerinə yetirmir. Halbuki, digər Avropa ölkələrində bu Məhkəmənin minlərlə qərarı yerinə yetirilməyib, onlara heç nə deyilmir, amma Azərbaycan bir qərarın yerinə yetirilməməsinə görə günahlandırılır. Ona görə də heç kimin Azərbaycanı əsassız ittiham etməyə haqqı yoxdur".
/>
Politoloqun fikrincə, hazırda Azərbaycan Aİ-yə daha çox lazımdır: "Çünki hazırda beynəlxalq arenada önəmli oyunçuya çevrilən Azərbaycan dünyada böyük enerji ehtiyatları, şaxələndirilmiş ixrac potensialı olan olan ölkə kimi tanınır. Hazırda gündəlikdə Azərbaycan qazının Avropa bazarlarına nəql edilməsi məsələsi durur. Çünki Avropanın getdikcə qaza ehtiyacı daha çox olacaq. Azərbaycan isə Prezident İlham Əliyevin də xüsusi qeyd etdiyi kimi Avropa üçün yeganə yeni enerji mənbəyidir. Eyni zamanda Azərbaycanın istər quru, istər dəmir, istərsə də dəniz yolu qovşaqlarında yerləşməsi, bir sıra nəqliyyat dəhlizlərinin buradan keçməsi onu regional nəqliyyat mərkəzinə çevirir və ölkənin geosiyasi əhəmiyyətini artırır".
/>
F.Sadıxov hesab edir ki, baş verən proseslərin gedişatına əsasən demək olar ki, Azərbaycan yaxın zamanlarda ikitərəfli əməkdaşlıqda yeni mərhələ olacaq, Aİ ilə Assosiasiya Sazişini də imzalayacaq: "Azərbaycan Aİ ilə, o cümlədən İttifaq üzvü olan bəzi ölkələrlə müxtəlif sahələr üzrə sıx əməkdaşlıq edir və hətta onların üçdə birindən çoxu ilə strateji tərəfdaşlıq formatı yaradılıb. Bu isə Aİ və Azərbaycan arasında gələcək saziş üçün yaxşı zəmin yaradır. Qeyd edim ki, Assosiasiya Sazişi çoxdan imzalanmalı idi, lakin biz bunu etmədik. Çünki o sənəddə Azərbaycanın maraqlarını ifadə edən məqamlar, xüsusən də, ölkəmizin ərazi bütövlüyü məsələsi öz əksini tapmamışdı. Lakin artıq belə bir sazişin yeni layihəsi hazırdır. Hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycan yeni sənədə imza atacaq, çünki istədiyimiz məsələlər artıq həmin sənədə əlavə olunub. İmzalandıqdan sonra isə Azərbaycan həmin Sazişə məmnuniyyətlə əməl edəcək".
İlkin İzzət
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində