"Azərbaycanı məğlub etməmək bizi hədəfdən uzaqlaşdırdı"
"Seçmə mərhələdə daha yaxşı nəticə göstərə bilərdik. Lakin bəzi matçlarda layiq olmadığımız xal itkiləri ilə üzləşdik".
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Çexiya yığmasının yarımmüdafiəçisi Vladimir Darida deyib.
Çexlər DÇ-2018-in seçmə mərhələsinin son iki görüşündə Azərbaycan və San-Marino ilə qarşılaşacaqlar. Yerli mətbuata danışan Darida ilk iki yer uğrunda mübarizədən qopmalarının səbəbkarlarından biri kimi millimizi göstərib.
27 yaşlı orta sahə oyunçusunun fikrincə, komandası turnir cədvəlində 4-cü pilləyə layiq deyil: "Bu seçmə mərhələdə, xüsusən də, 3 matçdakı nəticə məni məyus etdi. Azərbaycanı və Şimali İrlandiyanı evdə məğlub etməmək, Almaniyadan isə xal almamaq bizi hədəfimizdən uzaqlaşdırdı. Halbuki həmin qarşılaşmalarda pis çıxış etməmişdik və istəyimizi reallaşdıra bilərdik. Ən çox da Almaniyanın bizimlə görüşün son dəqiqələrində qələbə topunu vurmasını unuda bilmirəm. Şimali İrlandiya və Azərbaycanla görüşlərdə isə rəqib komandaların müdafiəçiləri səhvsiz oynamışdılar. Təəssüf ki, final mərhələsinə vəsiqə şansımızı artıq itirmişik".
Darida dünya reytinqindəki mövqelərini yaxşılaşdırmaq üçün qarşıdakı matçlarda qələbə qazanmağa çalışacaqlarını əlavə edib: "Hələ də xal ehtiyatımızı artırmaq imkanımız var. Azərbaycan və San-Marino ilə matçlarda bir şey edə bilərik. Final mərhələsi əldən çıxsa da, reytinqə xal əlavə etmək baxımından bu oyunlar çox vacibdi".
Qeyd edək ki, oktyabrın 5-də Bakıda millimizin qonağı olacaq Çexiya bundan 3 gün sonra Pljendə San-Marinonu qəbul edəcək.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində