Bəxtiyar Sadıqov: "Avropa Şurası Azərbaycanın əsas probleminin həllində hansı addımları atıb?"
Avropa Şurasının baş katibinin Azərbaycana qarşı iddia ilə danışması çox təəssüf və təəccüb doğurur.
XalqTV.com bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkil Bəxtiyar Sadıqov deyib.
Onun sözlərinə görə, Avropa Şurasının konkret cinayət törətdiyi üçün həbs edilən REAL hərəkatının rəhbəri İlqar Məmmədovun azadlığa buraxılmasını tələb etməsi əsassızdır: "Əvvəla, Avropa Şurasının on minlərlə qərarı var ki, bu gün icra olunmur. Hətta bu qurumun Ermənistanla bağlı minlərlə qərarı var və bu gün həmin qərarların heç biri yerinə yetirilməyib. Necə ola bilər ki, on minlərlə qərarının icra olunmadığı Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı bir qərarı ölkənin bu qurumdan kənarlaşdırılması proseduruna start verilməsinə səbəb olsun? Nə üçün digər dövlətlərə qarşı bu cür mövqe nümayiş etdirilmir, amma Azərbaycanla ultimatum dilində danışılır".
B.Sadıqov qeyd edib ki, Avropa Şurasına üzvlük, Qərbə inteqrasiya siyasəti yürüdən Azərbaycan yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilə, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə üzləşib:
"Avropa Şurasına üzv olduğumuz dövrdə bu qurum bizə hansı problemlərimizin həllinə kömək göstərib? Avropa Şurasının özündən soruşmaq lazımdır ki, Azərbaycanın əsas probleminin həllində hansı addımları atıb? Onlar ancaq Azərbaycandan tələb ediblər. Artıq tövsiyyəsi də əmr formasına keçir. Mən belə hesab edirəm ki, Azərbaycan müstəqil dövlətdir, öz yolu ilə gedir, Azərbaycanda qanun və qanunun aliliyi var. Azərbaycan bu məsələyə qanun çərçivəsində baxıb müvafiq qərar qəbul edəcək. Azərbaycana qarşı ultimativ şəkildə danışmaq yolverilməzdir".
XalqTV.com