Bölgədə daha bir müharibə ehtimalı artır
Kürdüstanın müstəqil dövlət qurmaq cəhdlərinin uzun tarixi var. Lakin ilk dəfə olaraq İraqda belə mütəşəkkil qaydada referendum keçirilməsi və müstəqil Kürdüstan dövlətinin birtərəfli qaydada elan olunması "Ərəb baharı"nın bəhrəsidir. Çünki məhz silsilə "Ərəb baharı"ndan sonra mərkəzləşmiş İraq və Suriyada hakimiyyətin zəifləməsi nəticəsində Kürdüstan dövlətini elan etdilər. "Ərəb baharı" inqilabının əsas məqsədlərindən biri də məhz ərəb dövlətlərini parçalamaq, onları zəiflətməkdir.
/>
Bu barədə XalqTV.com-a açıqlamasında "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov İraqın Kürdüstan regionunda müstəqilliyə dair referendumun keçirilməsini şərh edərkən bildirib.
/>
Ekspertin sözlərinə görə, referendumda bülletendə seçicilərin İraq və digər torpaqlarda Kürdüstanın yaradılmasının tərəfdarı olub-olmadığına dair sual yer alıb. Deməli, Ərbil iqtidarı təkcə İraqdakı ərazilərlə kifayətlənmir, digər ölkələrin də ərazilərinə iddialıdır: "Referendumun nəticələri, yəni çoxluğun onun lehinə səs verməsi isə göstərir ki, bu hadisə Türkiyə, İran və Suriya üçün də həyəcan siqnalıdır. Türkiyə və İranın bu məsələdə yaxınlaşması hiss olunur. Artıq bu dövlətlər regionda böyükmiqyaslı hərbi təlimlər keçirirlər. Təbii ki, Suriyada Əsəd hökuməti də bunun əleyhinədir. Çünki hazırda dağılmış vəziyyətdə olsa belə, Suriya öz ərazi bütövlüyünü qoruyub saxlamağa çalışacaq".
/>
E.Ələsgərov hesab edir ki, Kürdüstanın özünü müstəqil dövlət elan etməsi bölgədə gərginliyin və qarşıdurmanın artmasına, daha bir müharibənin alovlanmasına gətirib çıxara bilər:
/>
"Bəzi mənbələrə görə, Kürdüstanın dövlət kimi yaranmasını əsasən İsrail və ABŞ istəyir. ABŞ-ın Kürdüstana silah verməsi, hətta orada hərbi baza yaratması xəbərləri də yayılıb. Buna baxmayaraq, hazırki vəziyyətdə kiminsə Kürdüstanı dövlət kimi tanıyacağına inanmıram. Bundan əlavə, kürdlər arasında məzhəb ayrılığı çoxdur. Onların arasında yezidilər, sünnilər, şiyələr, vəhhabilər və s. var. Həmin bölgədə çoxlu ərəblər, türkmanlar, suryanilər, aysorlar da yaşayır. Onlar etnik təmizləmə təhlükəsi ilə üz-üzə durublar. Ona görə də məncə Kürdüstanda referendumun keçirilməsi və özünü birtərəfli qaydada müstəqil elan etməsi regionda gərginliyi artıracaq, qarşıdurma daha da kəskinləşəcək. Ola bilər ki, İraqın mərkəzi hakimiyyəti İŞİD-lə olduğu kimi kürdlərlə də müharibəyə başlasın. Məncə belə olsa, digər ölkələr də İraqa kömək edəcəklər.
/>
Yaddan çıxarmaq olmaz, həmin ərazilər neftlə zəngindir. Osmanlı İmperiyası dağılanda Atatürk Kərkük uğrunda ingilislərlə mübarizə aparırdı və Kərkükün 10 faizinin Türkiyəyə verilməsinə dair anlaşma da əldə olunmuşdu. Buna görə Atatürk Türkiyəsi hətta Osmanlı İmperiyasının Qərb dövlətlərinə olan borcunu da ödəmişdi. Yəni nə İraq, nə Türkiyə belə strateji bölgənin əldən çıxmasına asanlıqla razı olmayacaqlar".
Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.
İlkin İzzət
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində