"Məhkəməyə müraciət etməyi nəzərdən keçirirəm"
"İnter"in və Braziliya millisinin sabiq müdafiəçisi Duqlas Maykon məhkəməyə müraciət etmək fikrindədir. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "sambaçı"nı eks komanda yoldaşı Yanis Zikunun onun barəsindəki açıqlaması özündən çıxarıb. Onun sözlərinə görə Maykon məşqlərə sərxoş halda gəlirmiş. Ziku "Digi Sport"a müsahibəsində bildirib ki, Maykonun bazar ertəsi məşqlərinə ayıq vəziyyətdə gəlməməsi həmin vaxt komandanın baş məşqçisi olan Joze Mourinyonu məşq vaxtını gecə saatlarına keçirməyə məcbur edib.
"Belə insan barədə eşitməmişəm, onunla heç vaxt birlikdə oynamamışam və hansı səbəbə bu cür açıqlama verdiyini də bilmirəm. Ola bilsin, məşhur olmaq və sözlərinin mediada tirajlanmasını istəyir. Məşqlərə heç vaxt içkili gəlməmişəm. Əks halda, "İnter"də bu qədər mükafat qazana bilməzdim. Məhkəməyə müraciət etməyi nəzərdən keçirirəm. Mənəvi zərərə görə təzminat tələb edəcəm. Əmin olmaq istəyirəm ki, bu cür saxta məlumat bir də ortaya çıxmayacaq" - braziliyalı futbolçu qeyd edib.
Maykon 2006-12-ci illərdə "İnter"in şərəfini qoruyub. O, "nerazzurri"nin heyətində 4 dəfə İtaliya çempionu, 2 dəfə ölkə Kubokunun və 1 dəfə Çempionlar Liqasının qalibi olub.
XalqTV.com