İqtisadiyyat

AYİB prezidenti Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olub

  • 09 Sep 2017
  • 279 baxış

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 8-də Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti ilə tanış olub. 

Bu barədə XalqTV.com-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.  İqtisadiyyat naziri Şahin Mustafayev nümayəndə heyətinə məlumat verib ki, ən sərt ekoloji tələblərə cavab verən və 4-cü nəsil texnologiyalarla inşa edilən zavod il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantı yandırmaq və 231 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində Zavodda əldə edilən enerji ilə 300 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə tam təmin etmək mümkündür.

Böyükşor gölü ilə tanış olan qonaqlara məlumat verilib ki, gölün bərpası layihəsinin 1-ci mərhələsində 300 hektar ərazi təmizlənib, ekoloji cəhətdən tamamilə sağlamlaşdırılıb, 15 hektara yaxın ərazidə Böyükşor Parkı və Bulvarı salınaraq Bakı sakinlərinin istifadəsinə verilib.

Qonaqlar həmçinin, Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ilə tanış olublar. Məlumat verilib ki, poliqon bütün sanitar normalara uyğundur. Poliqonun yenidən qurulması işləri İqtisadiyyat Nazirliyi və Dünya Bankı tərəfindən həyata keçirilən "Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi" çərçivəsində həyata keçirilib.

AYİB prezidenti Suma Çakrabarti məişət tullantılarının idarə olunması sahəsində ölkəmizdə görülən işlərdən məmnunluğunu ifadə edib, AYİB-in bu sahədə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR