Siyasət

Bu gün bütün Azərbaycan futbolla xəstələnib - "Qarabağ"a dəstək çağırışı

  • 31 Aug 2017
  • 252 baxış

"Qarabağ"ın Bakıdakı oyunlarında tamaşaçı qıtlığı problemi yaşanmayacaq.

Ağdamın "Qarabağ" futbol klubunun uğurlu çıxışı və UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycanın futbol tarixində yeni bir səhifə açdı. Lakin bu idman hadisəsi olmaqla yanaşı, həm də ölkəmiz üçün mühüm siyasi əhəmiyyətə malikdir. Bu uğurdan sonra "Qarabağ"a, eləcə də Azərbaycana və onun təmsil etdiyi Ağdama diqqət artdı. Bu uğur Azərbaycan futbolu ilə yanaşı, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması faktının Avropa və dünya ictimaiyyətinə bir daha çatdırılması baxımından pulsuz təbliğat vasitəsinə çevrildi.

/>

İndi adi vətəndaşdan tutmuş ölkə prezidentinədək hamı "Qarabağ"ın növbəti uğurlarının arzusundadır və bunun üçün əlindən gələn dəstəyi verməyə hazırdır. 

Məlumdur ki, "Qarabağ" futbol klubu ev oyunlarını artıq Bakı Olimpiya Stadionunda keçirmək niyyətindədir. Amma bunun Çempionlar Liqasının qrup oyunlarında da mümkün olması məsələsi "Qarabağ"ın istəyi ilə bağlı sentyabrın 11-də Bakıya səfər edəcək UEFA nümayəndələrinin son qərarından sonra bilinəcək.

/>

O da məlumdur ki, Bakı Olimpiya Stadionu "Qarabağ"ın indiyədək ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika Stadionundan təxminən 2 dəfə çox - 70 minə yaxın tamaşaçı tutumuna malikdir.

Məsələ ilə bağlı XalqTV.com-a açıqlamasında fikrini bildirən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri müavini, YAP-nın şöbə müdiri Aydın Mirzəzadə bildirib ki, əgər bu baş versə, "Qarabağ"ın oyunlarını daha çox tamaşaçının izləməsi problemi birdəfəlik həll ediləcək:

/>

"Bakı Olimpiya Stadionunun daha çox tamaşaçı tutumuna malik olmasına baxmayaraq, hesab edirəm ki, "Qarabağ"ın Bakıdakı oyunlarında tamaşaçı qıtlığı problemi yaşanmayacaq. Çünki bu gün bütün Azərbaycan artıq futbolla yaxşı mənada xəstələnib. Şəxsən mən özüm də həmin oyunlara məmnuniyyətlə gedəcəyəm".

/>

Azərbaycanın idman həyatı ilə yaxından maraqlanan millət vəkili qeyd edib ki, ölkədə imkanı olan hər kəs "Qarabağ"ın növbəti qələbələr qazanmasına dəstək olmağa, stadionda azarkeşlik etməyə hazır olmalıdır: "Klubun rəsmiləri bildirir ki, biletlərin qiyməti ilə bağlı hər hansı problem olmayacaq. Bu gün bütün Azərbaycan idmana böyük maraq göstərir. Hər birimiz bizi sevindirən "Qarabağ" komandasına növbəti qələbələri üçün dəstək olmalıyıq. Hər birimizin içində inam var ki, "Qarabağ" dünyanın futbol nəhəngləri ilə oyunlarda Azərbaycanı layiqincə təmsil edəcək".

/>

Qeyd edək ki, Ağdamın "Qarabağ" klubu UEFA Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" (Madrid, İspaniya), "Roma" (Roma, İtaliya) və "Çelsi" (London, İngiltərə) klubları ilə mübarizə aparacaq. "Qarabağ" ilk ev oyununu sentyabrın 27-də Bakıda keçirəcək. Həmin gün Qurban Qurbanovun yetirmələri "Roma" ilə qarşılaşacaqlar. Daha sonra "Qarabağ" oktyabrın 18-də "Atletiko"nu, noyabrın 22-də isə "Çelsi"ni sınağa çəkəcək.

İlkin İzzət

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR