Siyasət

Ermənistan özünü satışa çıxardı

  • 29 Aug 2017
  • 287 baxış

Payızda Ermənistan Avropa Birliyi ilə genişmiqyaslı tərəfdaşlıqla bağlı anlaşma imzalayacaq. Bu müqaviləni imzalamamaq üçün heç bir səbəbimiz yoxdur.

Ermənistan prezidenti Serj Sarkisyan ilk baxışdan "sensasiyalı" sayılacaq bəyanatla çıxış edib.

Gekarkunikk vilayətində "Yerkarapa" Könüllülər İttifaqının təlim-məşq sanatoriya kompleksi "Gənc Yerkrapa"ya baş çəkən S.Sarkisyan "Baze" Ümumerməni Gənclər Toplantısına qatılıb.

Orta yaşlı, tosqun, amma sənədlərdə "yeniyetmə yerkrapa" sayılan qadının Rusiyanın Soçi şəhərində prezident Vladimir Putinlə görüşü ilə bağlı sualını cavablandırarkən S.Sarkisyan deyib: "Xaricdəki bəzi kütləvi informasiya vasitələri Ermənistanın 2013-cü ildə Avrasiya İqtisadi Birliyinə qoşulması ilə bağlı qərarını bir gecədə qəbul edilmiş qərar kimi təqdim edirlər. Bu, tamamilə əsassız və gülünc iddialardır".

Onun sözlərinə görə, 2013-cü ildə Ermənistan, sən demə, Avrasiya İqtisadi Birliyi və Avropa Birliyi ilə eyni vaxtda danışıqlar aparıb.

/>

"İlk əvvəl hər iki struktur bəyan edirdilər ki, onlar bir-birinə mane olmurlar. Amma sonradan Avropa Birliyi bildirəndə ki, Avrasiya İqtisadi Birliyinə üzvlük onlara mane olur, başqa çıxış yolumuz qalmadı", - S.Sarkisyan söyləyib.

Daha sonra o, Vladimir Putinlə Soçidəki görüşdən bəhs edib: "Həmin görüş zamanı Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsindən danışmadıq. Bu məsələni nəinki müzakirə etmədik, ümumiyyətlə, müzakirələr olmadı. Sadəcə olaraq, təmas xəttindəki mövcud situasiyadan qısa şəkildə danışdım, mövqeyimizdən bəhs etdim. Hamısı bu. Belə məsələni müzakirə etmədik".

Soçi görüşü ilə ATƏT-in Minsk Qrupunun artıq sabiq həmsədrinin, amerikalı Riçard Hoqlandın bəyanatının səslənmə vaxtlarının faktiki olaraq üst-üstə düşməsinin təsadüf olmaması ilə bağlı sualı isə Serj Sarkisyan belə cavablandırıb: "Belə görüşlər Vladimir Putinlə azad rejimdə müzakirələr əsnasında müəyyənləşir və bu, artıq ənənədir. Həmin görüşdə Ermənistanla Rusiya arasındakı münasibətlər müzakirə olunur. Soçidəki danışıqlar da bu görüşlərdən biridir".

S.Sarkisyanın sözlərinə görə, Ermənistan və Rusiya prezidentlərinin görüşü barədə Riçard Hoqlandın bəyanatı adekvat deyil: "Belə görüşün keçirilməsi ehtimalı azdır. Minsk Qrupunun həmsədri postunu tərk edəndən sonra mövqeyini, fikirlərini daha azad, sərbəst şəkildə izhar edib. Hoqland postunu tərk edir və o, mövqeyini günlərin birində daha asudə nəzərə çatdırmalıydı. Çünki bir var həmsədr olasan, biri də var bu postdan istefaya hazırlaşasan. Yadınızdadırsa, Minsk Qrupunda ABŞ-ın əvvəlki həmsədri də belə açıqlamalarla çıxış etmişdi. Ümumiyyətlə, belə ənənə yaranıb ki, sözlər belə adamları heç nəyə məsul etmir. Sabah və ya ertəsi gün bu insan danışıqlarda iştirak etməyəcək ki, münaqişə tərəflərdən biri həmsədrin sözlərini, açıqlamalarını gündəmə gətirsin. Hoqlandın bəyanatı mənimçün yenilik deyil. Bu, mövqemizin və görüşlərimizin indiyədək yanlış anlaşıldığını sübut edir".

Xatırladaq ki, Minsk Qrupunun artıq sabiq həmsədri, ABŞ təmsilçisi Riçard Hoqland "Voice of America"ya verdiyi müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasının əsas prinsiplərini açıqlayıb.

/>

Hoqlandın planı belədir:

"Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alsaq, tərəflər onun yekun statusunu qarşılıqlı anlaşma və mövqe bəyanatı ilə müəyyən etməlidir.

Sabiq Dağlıq Qarabağ Muxtar Vilayətinin indi Bakı tərəfindən nəzarət olunmayan ərazisi müvəqqəti status almalı, bununla da muxtariyyətin təhlükəsizliyi minimum təmin olunmalıdır.

Dağlıq Qarabağ ətrafındakı ərazilər dərhal azad olunmalı, Azərbaycanın nəzarətinə verilməlidir. Həmin ərazilərdə Azərbaycanın suverenliyi nəzərə alınmadan kimlərinsə yerləşdirilməsi mümkün deyil. Bu ərazilərlə bağlı Azərbaycanın suverenliyi bərpa olunmalıdır.

Ermənistanı Dağlıq Qarabağla bağlayacaq nəqliyyat dəhlizi olmalıdır. Bu dəhliz təhlükəsiz hərəkətin təminatı üçün yetərincə enli olmalıdır. Lakin bu dəhliz bütün Laçın rayonu ərazisinə şamil edilə bilməz.

Münaqişənin uzunmüddətli tənzimlənməsi bütün məcburi köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qayıdışı hüququnu ehtiva etməlidir.

Tənzimlənmə prosesi sülhməramlı missiyanın da daxil olduğu beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutmalıdır. Hər iki tərəfin etibar etdiyi sülhməramlı, yaxşı hazırlanmış missiyasız sülhün uzun müddət hifz olunacağı ssenari yoxdur".

Yetərincə konkret və səlis mövqe, daha doğrusu təklifdir. İllah da ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills də Minsk Qrupunun sabiq həmsədri Riçard Hoqlandın bəyanatını təsdiqlədi.

Bu təsdiq daha çox Ermənistana, xüsusilə də qonşu ölkənin marazmı və idiotik bəyanatları ilə "ad çıxarmış" prezidenti Serj Sarkisyana ünvanlanmış sərt xəbərdarlığa baha çox bənzəyirdi.

/>

"ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqlandın açıqladığı sənəd, əslində, Minsk Qrupunda həmsədr olan ölkələrin hamısının qəbul etdikləri, Ermənistan rəhbərliyinin də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlarda əsas hesab etdiyi prinsiplərə əsaslanır", - səfir söyləyib.

Ermənistanın XİN başçısı Edvard Nalbandayanın "Hoqlandın açıqlamasında qeyri-dəqiqliklər və yanlışlıqlar var" bəyanatına cavab olaraq ABŞ səfiri çox aydın mesaj verib: "Prinsiplər komplekslidir və yanlışlıq da yoxdur".

Əslində, Riçard Hoqland Dağlıq Qarabağ münaşqişəsinin nizamlanması prosesində ABŞ-ın mövqelərindəki dəyişiklərə, Vaşinqtonun səbr kasasının daşmasına eyham vurub.

Vaşinqton hələ iki həftə əvvəl aktual saydığı Vyana gündəmindən imtina edərək danışıqlar prosesinin tam fərqli formatda başlanmasına start verəcək təkliflərlə çıxış edir.

Özü də bu dəyişikliklər Elmar Məmmədyarovla Edvard Nalbandyanın görüşü ərəfəsində yaşanır.

Yəni faktiki olaraq R.Hoqland Azərbaycanla Ermənistanın XİN başçıları ilə yanaşı, gələcəkdə dövlət başçılarının görüşündə də müzakirə formatının ilkin konturlarını cızıb.

Danışıqlar prosesində aqressiv, sarsaq mövqe tutan Ermənistan indiyədək Madrid prinsipləri ilə yanaşı, münaqişənin mərhələli həll modelini qəbul etməməklə yanaşı, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarmaqdan da boyun qaçırır.

İndisə İrəvanın çıxış yolu qalmayıb: Serj Sarkisyanın hakimiyyəti qəsb etmiş kriminal oliqopoliyası ABŞ-ın tələblərini, sadəcə, nəzərə almaya bilməz.

Bəlli ki, S.Sarkisyan münaqişədə status-kvonu qorumaqla yanaşı, danışıqlarda hər hansı irəliləyişlərə, habelə nizamlanma prosesində məzmunlu və köklü dəyişikliklərə yol verməməyə çalışır.

Gərçi Ermənistan tərəfi Riçard Hoqlandın təkliflərini qismən də olsa, qəbul edərsə, təfərrüatlarda detalların müzakirəsi üçün substantiv danışıqlar başlanmalıdır.

Bəhs etdiyimiz elementlər isə yenilənmiş Madrid prinsiplərinin əsasını təşkil edir.

/>

Bakı indiyədək dəfələrlə bəyan edib ki, status-kvonun dəyişdirilməsi, münaqişənin mümkün qədər tez həll olunması və regionda dayanıqlı sülhlə təhlükəsizliyin təminatı üçün ciddi danışıqlara hazırdır.

İndi top Ermənistan tərəfdədir. Təbii, Serj Sarkisyan rejimi "Azərbaycan Vyana anlaşmalarını yerinə yetirməyincə mövqelərizi dəyişməyəcəyik" deyə bilər. Fəqət, iş ondadır ki, R.Hoqlandın açıqlamalarından sonra Vyana şərtləri aktuallığını itirib.

Üstəlik, Rusiya və ABŞ-ın dəstəyindən məhrum olmuş Ermənistan mövqelərini "qoruya" bilməyəcək. Danışıqların yeni mərhələsinin uğursuzluqla başa çatması ehtimalı isə Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyatların yenidən başlanmasına səbəb ola bilər.

Beləcə, S.Sarkisyan absurd davraşı və aqressiv ritorikası ilə yaratdığı pat durumundan çıxmaq üçün yeni, iki cəbhəyə oyuna başlayıb. Rusiya ilə ABŞ-a yarınmağa can atan S.Sarkisyan həm Avropa Birliyi ilə əməkdaşlıqla tərəfdaşlığın genişləndiriləcəyini deyir, eyni zamanda Rusiya ilə əlaqələrin daha da fəallaşdırılmasının vacibliyindən danışır.

Ermənistandakı hakimiyyət özünü qorumaq üçün suverenitetinin son ünsürlərini, müstəqilliyinin qalıqlarını belə, siyasi satışa çıxarıb.

Bu satış ölkənin itirilən gələcəyinin hesabı sayıla bilərmi?

Elçin Alıoğlu
XalqTV.com

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR