Siyasət

Yeni həmsədr vəzifəsinin icrasına başladı

  • 29 Aug 2017
  • 267 baxış

ABŞ Endryu Şoferin ATƏT-in Minsk qrupunun həmsədri təyin olunmasını alqışlayır.  

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Heder Nouertin bəyanatında bildirilir.  
 
Bəyanatda vurğulanır ki, E.Şofer Avropa və beynəlxalq təşkilatlarla zəngin iş təcrübəsinə malikdir.
 
"ABŞ beynəlxalq hüquqa, o cümlədən Helsinki Yekun Aktında əksini tapmış güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını müəyyən etmə prinsiplərinə əsaslanan ədalətli həll yollarının axtarılması üçün səy göstərəcək", - deyə sözçünün bəyanatında qeyd olunur.
 
E.Şoferin təyinatı barədə qərar Azərbaycan və Ermənistan hökumətlərinə göndərilib. Bununla da, o, rəsmi olaraq vəzifəsinin icrasına başlamış sayılır.
 
Bu təyinatdan əvvəl E. Şofer ABŞ-ın Vyanadakı beynəlxalq təşkilatlarda müvəqqəti işlər vəkili vəzifəsini tutub. 2015-ci ilin avqustundan 2017-ci ilə qədər o, missiyanın sözçüsünün müavini olub. Buna qədər diplomat 2914-cü ilin avqustundan 2015-ci ilə qədər Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə müşavir kimi çalışıb. 2011-2014-cü illərdə ABŞ-ın Kiprdəki səfirinin müavini olub, ABŞ-ın Küveyt, Bəhreyn və Rusiyadakı səfirliklərində işləyib.
 
Vaşinqtonda isə Dövlət Departamentinin İraq üzrə bölməsində çalışıb, dövlət katibinin müavinin siyasi məsələlər üzrə köməkçisi olub.
 
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan  SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
 
Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

XalqTV.com

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR