Prezident İlham Əliyevin Gədəbəy və Şəmkir rayonlarına səfəri - YENİLƏNİB - FOTO
12:54
Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkirdə əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub.
XalqTV.com AZƏRTAC-a istinadən bildirir ki, muzeydə həm ölkəmizin, həm də Şəmkirin tarixini əks etdirən eksponatlar var. Bu eksponatlar turistlər üçün böyük maraq doğuracaq, onlara ölkəmizin tarixi ilə daha yaxından tanış olmaq imkanı yaradacaq. Həmçinin muzey bu bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq üçün mühüm əhəmiyyətə malikdir.
Dövlətimizin başçısına məlumat verildi ki, Tarix-Diyarşünaslıq Muzeyində əsaslı yenidənqurma və təmir işlərinə 2015-ci ilin aprelində başlanılıb. Bu işlər ötən ilin noyabrında başa çatdırılıb. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Şəmkirə səfərlərini əks etdirən fotolar, rayonun tanınmış ziyalıları, qəhrəmanları barədə məlumatlar var.
Prezident İlham Əliyev yenidənqurmadan sonra muzeydə yaradılan şəraitlə və eksponatlarla tanış oldu.
Bildirildi ki, muzeyin ümumi ərazisi 0,26 hektardır. İki mərtəbədən ibarət muzey binasının ümumi sahəsi isə 800 kvadratmetrdir. Muzeyin birinci mərtəbəsində iki bölmə yerləşir. Birinci bölmədə miniatür rəsm sərgisi və ekspozisiya zalı, ikinci bölmədə isə elektron informasiya lövhəsi və ekspozisiya zalı var. Muzeydə mövcud olan 6 minə yaxın eksponatdan 350-si ekspozisiya zallarında sərgilənir. Bu eksponatlar əsasən qədim tunc dövrünə və XVIII-XIX əsrlərə aiddir. Qədim tarixi və geniş turizm potensialı olan Azərbaycanda belə muzeylərin yaradılması olduqca vacib məsələdir. Bu baxımdan Şəmkir Tarix-Diyarşünaslıq Muzeyinin də böyük əhəmiyyəti var.
Binanın həyətyanı sahəsində yaradılmış "Açıq muzey"də müxtəlif filmlərin personajlarının heykəlləri qoyulub. Həyətdə müasir işıqlandırma sistemi quraşdırılıb və yaşıllıq zolağı salınıb.
----------
12:43
Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışında iştirak edib.
XalqTV.com AZƏRTAC-a istinadən bildirir ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox mühüm yol-nəqliyyat layihələri reallaşdırılır. Bu yollardan biri də Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yoludur.
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi.
Bu yolun tikintisinə Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən başlanılıb. Yol 5 min nəfər əhalinin yaşadığı 7 kəndi birləşdirir. Avtomobil yolu texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə inşa edilib. Ümumi uzunluğu 31 kilometr olan yol 4-cü texniki dərəcəyə aiddir. Yol iki hərəkət zolaqlıdır. Hərəkət hissəsinin eni 7 metrdir.
Bildirildi ki, layihə çərçivəsində 482,2 min kubmetr torpaq işləri görülüb, yol əsasının və çiyinlərin tikintisinə 112 min kubmetr çınqıl, qum-qırmadaş qarışığı və 55 min ton asfalt-beton qarışığı sərf edilib. İnşaat işləri zamanı müxtəlif diametrli 30 suötürücü boru tikilib, yol təhlükəsizlik dirəkləri, yol nişanı və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib. Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun istifadəyə verilməsi ümumilikdə rayonun sosial-iqtisadi inkişafına müsbət təsir edəcək, yük və sərnişin daşınmasının yaxşılaşmasına imkan yaradacaq.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.
---------
12:27
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də Şəmkir rayonuna səfərə gəlib.
XalqTV.com AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə və rayonda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, son illər Şəmkirdə bir sıra mühüm sosial-infrastruktur layihələri icra edilib, rayonda genişmiqyaslı quruculuq işləri aparılıb, yeni istirahət məkanları yaradılıb, yaşıllıqlar salınıb.
-----------
12:01
Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gədəbəy şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib.
XalqTV.com AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı əvvəlcə Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyəti adından çıxış edən Məlahət Əliyeva və Tofiq Mirzəyev göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər.
Prezident İlham Əliyev "Gədəbəy şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi üzrə görülən işlərin texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərlə tanış oldu.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, layihə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi" çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Gədəbəy şəhərində 12 min nəfər əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihəyə əsasən, Gədəbəy şəhərinin içməli su mənbəyi olaraq bulaqlar seçilib və bir suqəbuledici qurğu tikilib. Şəhərin dayanıqlı su təchizatını təmin etmək üçün ümumi həcmi 5500 kubmetr olan 7 su anbarı, 14,8 kilometr uzunluğunda magistral su kəməri və digər köməkçi infrastruktur inşa edilib. Bundan başqa, Gədəbəy şəhərində inşası planlaşdırılan 81 kilometr uzunluğunda paylayıcı su şəbəkəsinin, şəbəkədaxili iki nasos stansiyasının tikintisi başa çatıb, 2300 evə birləşmə verilib və sayğaclar quraşdırılıb. Yeni yaradılan su təchizatı sistemi ilə Gədəbəy şəhərinə fasiləsiz suyun verilməsi təmin edilib.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Gədəbəy şəhərində ilk dəfə kanalizasiya sistemi də yaradılıb. Layihəyə uyğun olaraq, 47,5 kilometr kanalizasiya şəbəkəsi və 1,5 kilometr kanalizasiya kollektoru tikilib. Şəhərdə yaranacaq tullantı sularının təmizlənərək kənarlaşdırılması üçün məhsuldarlığı gündə 3500 kubmetr olan təmizləyici qurğunun inşası nəzərdə tutulur. Hazırda tullantı sutəmizləyici qurğunun tikintisi üzrə tender prosedurları davam etdirilir. Bundan başqa, şəhərin su mənbələri və su təchizatı qurğuları rayonun 11 min nəfər əhalisinin yaşadığı Düzyurd, Arıqdam, Yenikənd, Söyüdlü və Qaradağ kəndlərinin su tələbatı nəzərə alınmaqla layihələndirilib. Ümumilikdə bu layihədən gələcəkdə 23 min nəfər faydalanacaq.
Layihənin icrasına qədər olan vəziyyət barədə məlumat verilərkən bildirildi ki, Gədəbəy şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1960-cı illərdə yaradılıb. "Azərsu" ASC hazırda şəhərin 10 min sakinindən 25 faizinə xidmət göstərir. Mərkəzləşdirilmiş qaydada su alan əhaliyə hər gün qrafik üzrə 4 saat su verilir. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyir. Gədəbəy şəhərində kanalizasiya sistemi isə indiyə qədər mövcud olmayıb.
Prezident İlham Əliyev Gədəbəy şəhərinə təmiz içməli suyun verilməsini bildirən düyməni basdı.
Sonda xatirə şəkli çəkdirildi.
11:43
Avqustun 20-də Gədəbəydə Heydər Əliyev Mərkəzinin açılışı olub.
XalqTV.com AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikanın hərtərəfli inkişafında və ölkədə bütün sahələrin canlanmasında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə respublikamızda çox mühüm tədbirlər görülür. Bu tədbirlər sırasında dahi şəxsiyyətin adını daşıyan, Ulu Öndərin zəngin və çoxşaxəli siyasi irsinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən mərkəzlərin rolu böyükdür.
Orijinallığı ilə Gədəbəy şəhərinin gözəlliyini daha da artıran Heydər Əliyev Mərkəzinin yaradılması ilk növbədə, gədəbəylilərin dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını nümayiş etdirir. Mərkəzdəki fotoşəkillər və eksponatlar bir daha sübut edir ki, Azərbaycanın tənəzzül dövründən tərəqqi mərhələsinə qədəm qoyması və indiki hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun artması məhz ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır.
Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Gədəbəy rayonuna səfərlərini əks etdirən fotolardan ibarət stendlər quraşdırılıb. Mərkəzin yerləşdiyi ərazidə hündürlüyü 70 metr olan bayraq dirəyi ucaldılıb. Bayraq dirəyinin ay-ulduz formasında inşa olunmuş postamentinin üzərində Azərbaycan Respublikasının gerbi, xəritəsi və dövlət himninin sözləri əks etdirilib.
Məlumat verildi ki, ümumi sahəsi 3500 kvadratmetrdən çox olan Heydər Əliyev Mərkəzinin tikintisi yüksək səviyyədə həyata keçirilib. Mərkəzdə ulu öndər Heydər Əliyevin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, tarixi sənədlər və fotoşəkillər nümayiş olunur. Bu fotolarda ümummilli lider Heydər Əliyevin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən ölkəmizin inkişafına xüsusi diqqət göstərməsi dolğun əksini tapıb. Ulu Öndərin ölkədəki müxtəlif obyektlərin açılışında iştirakı, ictimaiyyətin nümayəndələri, ziyalılar və zəhmətkeşlərlə görüşlərinin əks olunduğu fotolar da maraq doğurur.
Rəqs zalının, elektron kitabxananın yaradıldığı Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün 242 yerlik konfrans zalı da var. Bundan əlavə, Mərkəzdə rəsm, foto və poliqrafiya studiyaları, heykəltaraşlıq dərnəyi, intelektual oyun otağı, saz emalatxanası, həmçinin ingilis, rus və fransız dilləri kabinetləri, o cümlədən ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərəcək.
Son illər respublikamızda yeni ailə quran gənclərin Heydər Əliyev mərkəzlərində nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlər də keçirilir. Gədəbəydəki Heydər Əliyev Mərkəzində də bu məqsədlə Vətəndaşlıq Vəziyyəti Aktlarının qeydiyyatı otağı yaradılıb. Burada nikaha daxil olmaq istəyən gənclərin qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi müayinəsi aparılacaq və onlara tibbi arayışlar veriləcək.
11:38
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də 110/35/10 kilovoltluq yeni "Gədəbəy" elektrik yarımstansiyasının açılışında iştirak edib.
XalqTV.com AZƏRTAC-a istinadən bildirir ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlətimizin başçısına yeni yarımstansiyada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Gədəbəy rayonuna indiyədək elektrik enerjisi istismar müddətini başa vurmuş birdövrəli 35 kilovoltluq hava xətti ilə verilirdi. Bu isə rayonun ümumi inkişaf tempinə cavab vermirdi. Hətta bəzi obyektlərin, o cümlədən qızıl mədənlərinin elektrik enerjisi ilə təchizatı generatorlar vasitəsilə həyata keçirilirdi. Görülmüş işlər nəticəsində Gədəbəy rayonunda perspektiv tələbat da nəzərə alınmaqla müvafiq güc mənbələri yaradılıb. 110/35/10 kV-luq "Gədəbəy" yarımstansiyasından əlavə 35/10 kV-luq "Gədəbəy" adlı digər bir yarımstansiya yenidən qurulub. İkidövrəli 110 kV-luq Zəyəm-Gədəbəy hava xətti çəkilib. 35/10 kV-luq "Gədəbəy" yarımstansiyasında 6,3 MVA gücündə transformatorlar quraşdırılıb, köhnə tipli 40 transformator məntəqəsi yeni transformator məntəqələri ilə əvəz edilib. Görülən işlərin davamı olaraq 10 kV-luq İsalı və Göyəlli hava xətlərində istismara yararsız dirəklər yeni metal dirəklərlə əvəzlənib. Həmçinin rayon üzrə istismara yararsız 1284 sayğac dəyişdirilib, 996 yeni sayğac quraşdırılıb.
Yeni yarımstansiyada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə elektroenergetikanın inkişafında xidmətlərinə həsr olunan fotostendlər yaradılıb.
Bildirildi ki, Gədəbəy rayonunun elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənilməsi, güc qıtlığının aradan qaldırılması, inkişafda olan sosial-iqtisadi infrastrukturun dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün tikilən yeni "Gədəbəy" yarımstansiyası 21 min abonentə xidmət edir. Yarımstansiyada 110 kV-luq açıq, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular inşa edilib. Bu qurğularda müasir standartlara cavab verən elektrik avadanlığı, elektron tipli avtomat rele mühafizəsi quraşdırılıb. Bu yarımstansiyanı qidalandırmaq üçün "Zəyəm" yarımstansiyasından 48 kilometr uzunluğunda 110 və 35 kV-luq birdövrəli hava xətləri çəkilib. Paralel olaraq Gədəbəy rayonunun böyük bir hissəsini elektrik enerjisi ilə təmin edən 35 kV-luq "Gədəbəy-Saratovka" hava xətti tam yenidən qurulub. Ümumilikdə "Gədəbəy" yarımstansiyasından 35 kV-luq "Saratovka" və "Mədən", həmçinin 10 kV-luq "Söyüdlü", "Arıxdam", "Ticarət mərkəzi" hava xətləri çəkilib. 10 kV-luq hava xətləri isə 1795 abonentin elektrik enerjisi ilə təchizatını təmin edir.
Qeyd edildi ki, Gəncə, Şəmkir, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Ağstafa, Tovuz, Qazax elektrik şəbəkələrinin birləşdiyi "Azərişıq" ASC-nin Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində respublika əhəmiyyətli 1 şəhər, 8 rayon mərkəzi, 37 qəsəbə və 341 kənd var ki, burada da ümumilikdə 288 min 119 abonent olmaqla 1 milyon əhali yaşayır. Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində indiyədək "Azərişıq" ASC tərəfindən 96 kənd və qəsəbədə yenidənqurma işləri aparılıb. Hazırda 78-dən çox yaşayış məntəqəsində bu işlər davam etdirilir. Region üzrə ümumilikdə 11 min 290 yeni sayğac quraşdırılıb, 28 min 961 sayğac yenisi ilə əvəz edilib, qoyuluş gücü 1731 MVA-dan 1911 MVA-dək artırılıb.
Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.
Sonda xatirə şəkli çəkdirildi.
10:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də "Gədəbəy Mineral Suları" MMC-nin limonad zavodunun açılışında iştirak edib.
XalqTV.com target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı müəssisə ilə tanış oldu.
Bildirildi ki, 2010-cu ildən fəaliyyət göstərən Gədəbəy mineral sular zavodunun istehsal etdiyi məhsullar daxili bazarla yanaşı, Rusiyaya və Bəhreynə də ixrac olunur. Yaxın vaxtlarda məhsulların daha bir neçə ölkəyə ixrac edilməsi planlaşdırılır.
Qeyd edildi ki, müəssisədə 120-yə yaxın işçi çalışır. Zavodun inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub.
Prezident İlham Əliyev müəssisəni işə saldı.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də Gədəbəy rayonuna səfərə gəlib.
XalqTV.com target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Prezident İlham Əliyevə son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verdi. Bildirildi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyekti tikilib, istehsal müəssisələri yaradılıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində