Ermənistanın baş naziri Azərbaycanda skuter sürüb əylənir - VİDEO
Avqustun 15-dən məzniyyətini işğal altındakı Azərbaycan ərazilərində keçirən Ermənistanın baş naziri Karen Karapetyan Ağdərə, Xocavənd və Əsgəran rayonlarında olub.
XalqTV.com avtosfer-ə istinadən xəbər verir ki, avqustun 17-də Talış kəndində bərpa-quruculuq işləri ilə də tanış olan düşmən hökumətin başçısı Xankəndindəki qondarma rejimin "baş naziri" Araik Arutyunla birgə Tərtər çayı üzərindəki Madagiz su anbarının yanında xarici investorlar hesabına yenicə yaradılmış istirahət zonasına da baş çəkib. Yüksək vəzifəli erməni məmurlar Azərbaycan sularında skuterlərdə gəzərək dincəliblər.
Xatırladaq ki, Madagiz su anbarı - Tərtər rayonu ərazisində Tərtər çayı üzərində yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1975-ci ildə istismara verilmişdir. Su anbarı Tərtər rayonunun erməni işğalında olan ərazisində qalmış və Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. Bəndin hündürlüyü 28 m, uzunluğu 630 m, su anbarının ümumi həcmi 5.85 mln. kub metrdir. 2016-cı ildəki aprel döyüşləri zamanı erməni silahlı qüvvələrinin Madagiz su anbarı yaxınlığındakı bir sıra hərbi obyektləri və canlı qüvvəsi Azərbaycan Milli Ordusu tərəfindən məhv edilmişdi.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində