Premyer Liqa oyunları yenidən Yevlaxa qayıda bilər
Peşəkar Futbol Liqasının stadionları təftiş qrupu Gəncə, Tovuz və Yevlax stadionlarının Premyer Liqa və birinci diviziona hazırlıq vəziyyətini yoxlayıb.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, qurumun mütəxəssisləri Gəncə şəhər stadionunda təmir işləri aparıldığından "Kəpəz"in ev oyunlarını Tovuzda keçirməsinin mümkünlüyünü araşdırıblar. Daha sonra PFL əməkdaşları Yevlax şəhər stadionunun infrastrukurunu yoxlayıblar. Buradakı vəziyyətin Tovuz stadionu ilə müqayisədə daha normal olduğu, müəyyən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra "Kəpəz"in Gəncə şəhər stadionunda təmir işləri yekunlaşana kimi Yevlaxda oynaya biləcəyi vurğulanıb.
PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev qol.az-ın müxbiri ilə söhbətində məlumatı təsdiqləyib. O qeyd edib ki, Yevlax şəhər stadionunda infrastruktur Tovuzla müqayisədə daha əlverişlidir: " Hələlik məsələ ilə bağlı yekun qərar verilməyib Müəyyən işlər aparıldıqdan, qeyd edilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra PFL rəhbərliyinin, rayon icra hakimiyyətinin və klubun razılığından sonra "Kəpəz"in ev oyunlarını Yevlaxda keçirməsi mümkündür".
Qeyd edək ki, əgər "Kəpəz" ev oyununu keçirmək üçün Yevlaxı seçsə, bu zaman uzun fasilədən sonra Premyer Liqa oyunu Yevlaxa qayıdacaq.
Xatırladaq ki, Yevlaxda Premyer Liqanın son oyunlar 2009/2010 mövsümündə yerli "Karvan" komandasının iştirakı ilə keçirilib.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində