11-ci duel
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Kopenhagen" qarşılaşması Azərbaycan və Danimarka futbol komandaları arasında 11-ci matç olacaq.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, iki ölkə təmsilçiləri kişilərlə qadınların klub və yığma miqyaslı turnirlərində 10 dəfə qarşılaşıb.
Futzal və çimərlik futbolunu nəzərə almasaq, yaşıl meydanlarda baş tutan duellərdə aşkar üstünlük şimallılardadı. Onlar indiyədək keçirilən 10 matçda 9 dəfə qalib gəlib.
Azərbaycan komandalarının yeganə təsəllisi 2006-cı ildə U-17-lərin Avropa çempionatının seçmə mərhələsindəki oyunudu. Həmin görüş qolsuz bərabərliklə nəticələnib.
Ümumiyyətlə, 10 oyundan 6-sı yığmalar səviyyəsində olub. Oğlanlar da 3, qızlar da 3 dueldə qüvvəsini sınayıb. U-17-dən başqa, 19 yaşadək oğlanlarında yolu danimarkalılarla kəsişib. Həm 2009, həm də 2015-ci ildəki oyunda şimallılar 3 cavabsız qolla U-19-u məyus edib.
Qızlardan ibarət U-19 komandamız danimarkalı həmyaşıdları ilə 3 dəfə qarşılaşıb. 2004-cü ildəki ilk duel futbol tariximizə qara hərflərlə düşüb. Həmin vaxt yığmamız 0:20 hesabı ilə uduzub. 2 il sonra isə komandamız daha normal hesabla yenilib - 1:3. 2014-cü ildə Bakıda keçirilən seçmə oyununda isə qonaqlar 3 cavabsız qola sevinib.
Digər 4 oyun klubların hesabındadı. "Qarabağ"la "Kopenhagen"iun 19 il əvvəlki məlum duelində rəqibimiz 10 cavabsız qol vurub. 6:0 və 4:0 hesablı qələbələrə sevinən danimarkalıların uğurlu yolu qadınların mübarizəsində də davam edib.
Qadınlar arasında UEFA kubokunun 1/4 final mərhələsinə qədər irəliləyib, tarixi nəticə göstərən "Gömrükçü" "Brondbü"dən ağır zərbə alıb. Şimallılar 2 matçda 12 dəfə fərqlənib - 9:0, 3:0.
Bir sözlə, 1 heç-heçə edib, 9 dəfə uduzan komandalarımız cəmi 1 qol vurduğu danimarkalılardan 54 top buraxıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində