"Aman tanrım, bu klub bu qədərmi böyükdür?"
"Liverpul"un baş məşqçisi Jürgen Klopp yeni mövsümə hazırlığı dəyərləndirib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Almaniya mətbuatına danışan mütəxəssis hazırlıqdan razı qaldığını bildirib: "Oyunçuların əhvalı və məşqlərə göstərdikləri münasibət çox yaxşıdır. Mövsüm öncəsi hazırlıq ağır oldu, amma əla keçdi. İndi isə məşqlərdə qazandıqlarımızı göstərmək zamanıdır. Yeni mövsümə hazır olacağıq. Bunun üçün bizə dəstək də lazımdır. Dünyanın dörd bir yanında bu klubun azarkeşləri var. Xarici ölkələrə gedəndə "Aman Tanrım, bu klub bu qədərmi böyükdür?!" deyə düşünürsən".
Alman çalışdırıcı Koutinyonun "Barselona"ya keçəcəyi iddialarını növbəti dəfə rədd edib:
"Hazırda Koutinyonu satacağımız məbləğ mövcud deyil. Bizim məqsədimiz ən yaxşı komanda olmaqdır. Ona görə əlimizdəkiləri saxlamaq və yenilərini almaq istəyirik. Hazırda bizim tək istəyimiz güclü komanda formalaşdırmaqdır".
Xatırladaq ki, "Liverpul" Neymarın yerinə Koutinyonu transfer etmək istəyən "Barselona"nın 100 milyon avroluq təklifinə müsbət cavab verməyib. Bundan əvvəl də, "katalonlar"ın 80 milyonluq təklifi geri çevrilmişdi.
XalqTV.com