idman

""Kəpəz"in özəyini gec-tez gəncəli oyunçular təşkil etməlidir" - MÜSAHİBƏ

  • 09 Aug 2017
  • 261 baxış

XalqTV.com "Kəpəz"in baş məşqçisi Şahin Diniyevin -a müsahibəsini təqdim edir:

- "Kəpəz" yeni mövsümə hazırlığın bir hissəsini Ərzurumda keçdi. Türkiyə toplanışından razı qaldınız?

- Hər bir məşq toplanışının öz məqsədi olur. Ərzurumu seçməyimiz təsadüfi deyildi. Dəniz səviyyəsindən təxminən 2 min metr yüksəlikdə, oksigenin bol olduğu şəraitdə futbolçuların fiziki hazırlığı üzərində işlədik. Hazırlıq oyunlarına qədər fiziki yüklənməyə fikir verirdik. Oyun günü komanda yorğun olurdu. Amma son qarşılaşmada komanda göstərdi ki, fiziki yükə tədricən alışır. Çempionata tam hazır olduğumuzu deməzdim. Fiziki hazırlıq baxımından problem olmamalıdır. Taktiki - texniki göstəriciləri yerinə oturtmaq üçü bizə 3-4 oyun lazım olacaq. Bilirsiniz ki, bu yay heyətin 65%-i dəyişdi. Yeni futbolçuların komandaya uyğunlaşması üçün zaman lazım olacaq.

- Komandanı tərk edən futbolçuların boşluğu çox hiss olunur?

- Bizə köməyi dəyən hər bir futbolçuya təşəkkür edirəm. Amma əvəzolunmaz oyunçu yoxdur. "Kəpəz"dən gedən bəzi futbolçuların yeri görsənir. Məncə, yeni gələnlərin onların boşluğunu dolduracaq.

- Ötən mövsüm müdafiədə etibarlı oyunu ilə seçilən Renan Alveş özü klubunu dəyişmək istədi?

- Yox, Renan getmək istəmirdi. Sadəcə onun meneceri "Vojvodina"dan əlverişli təklif aldı. Axıra qədər gözlədik. Amma təklif maliyyə baxımdan bizi xeyli üstələdi. Alveşi da başa düşmək olar. Həm karyerasında irəli addım atdı, həm də yaxşı məvacib alacaq. Yeni transferimiz Dedimar Renandan geri qalmır, çempionat ərzində görəcəksiniz.

- Əvəzedici komandanın oyunlarını izləyirsiniz?

- Bəli. Çalışıram, bütün oyunlarına baxım. "Kəpəz"in özəyini gec-tez gəncəli oyunçular təşkil etməlidir. Gəncədə 7-8 il böyük futbolun olmaması gənclərin yetişməsinə mənfi təsir göstərmişdi. Təəssüf ki, 22-30 yaşlı futbolçular nəslini itirdik. Hazırda 15 yaşdan yuxarı pespektivli oyunçular yetişir. Əvəzedici komandanın məşqçisi Azər Məmmədov, həqiqətən, böyük işlər görür. Artıq ordan 3 futbolçu əsas komandaya verilib. Daha bir neçəsini izləyirik. Onlar da gəlsə, bu rəqəm 5-6-a yüksələcək. Bu perspektivli futbolçular gələcəkdə "Kəpəz"in əsas heyətinə düşmək potensialına malikdir.

- Azərbaycan klublarının transfer bazarındakı fəaliyyəti ilə, yəqin ki, tanışsınız. Hansı transferin uğurlu olacağını düşünürsünüz?

- İndi konkret fikir söyləmək olmaz. Hələlik "Zirə", "Qarabağ" və "Qəbələ"nin yeni futbolçularını izləmişik.Bütün komandaların oyunlarını görəndən sonra hansısa nəticəyə gəlmək olar. Güman edirəm ki, daha bahalı olduqlarına görə "Qarabağ" və "Qəbələ"nin yeni transferləri fərqlənəcək. Qiymət çox olanda keyfiyyətin də yüksək olmaq ehtimalı artır. Premyer Liqada 5-6 tur sonra legionerlərin səviyyəsi görsənəcək.

- Dünya transfer bazarında son illər şişirdilmiş qiymətlər müşahidə olunur. Bu tendensiya yerli klublarımızın transfer əməliyyatına təsir göstərirmi?

- Öz komandamızı götürürəm. Transferlərə daha diqqətlə yanaşmağa çalışırıq. Keyfiyyətə daha çox fikir verməli oluruq. 7 legioner gətirirsənsə, bunun 4-ü yaxşı oynadığı halda transfer fəaliyyətini qənaətbəxş hesab etmək olar. Amma biz 3 legioner transfer etmişik və belə halda səhv yolverilməzdir. Biz 2 ay öncədən gözaltı etdiyimiz futbolçuları izləyirik. Onların xarakteri, həyat tərzinə qədər öyrənirik. Transferdə vaxt məsələsi də mühümdür. Çempionat bitəndən dərhal sora müraciət edirsənsə, qiymət yüksək olur. Müəyyən zaman keçəndən və ona təkliflərin sayı azaldıqdan sonra qiyməti də aşağı salmaq mümkündür. Səbr etməklə futbolçunu real qiyməti civarında almaq olar.

- Necə düşünürsünüz, bu il Çempionlar Liqasının qrup mərhələsində təmsilçimizi görə biləcəyik?

- Buna çox yaxınıq. "Qarabağ" elə səviyyəyə gəlib çatıb ki, bu arzumuzu reallaşdıra bilər. Onların uğuru Azərbaycan futbolunun uğurudur. Çox istərdim ki, Ağdam klubu qrup mərhələsinə düşsün. Hazırki futbolçular göstərilən oyuna görə buna layiqdir.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR