Dondurma sevənlər, ehtiyatlı olun
Dondurma yaz-yay mövsümündə əhali tərəfindən çox istehlak olunur.
XalqTV.com ölkə.az-a istinadən bildirir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara dondurma alarkən mütləq etiket üzərində yazılanları diqqətlə oxumağı tövsiyə edir.
Eyni zamanda, dondurma alarkən onun formasına, saxlanma şəraitinə və nəhayət dadına diqqət edilməlidir. Donu açılmış dondurmanın təkrar dondurulması onda buz kristallarının əmələ gəlməsinə səbəb olur ki, bu da onun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Xarici görünüşcə dondurmada kəsmiyəbənzər yağlılıq, qumabənzər köpüklülük əlamətləri olmamalıdır. Belə dondurmaları istifadə etmək məsləhət görülmür.
Dondurmanın iyi və dadı bu növ məhsula xas olmalı, kənar iy və dad verməməlidir. İstehsal tarixi qeyd olunmayan və saxlama müddəti ötmüş dondurmaları almaqdan çəkinin.
Saxlanma temperaturunun daimiliyi dondurmanın keyfiyyətini təmin edən əsas şərtlərdən biridir. Saxlanma temperaturunda dəyişikliklər olduqda bu məhsullarda mikrobioloji proseslər başlayır və bu yoluxma ehtimalını artırır.
Dondurmanın saхlanma müddəti onun kimyəvi tərkibindən, eləcə də çeşidindən asılıdır. Hazırlanmış dondurmalar növündən asılı olaraq topdansatış məntəqələrində xüsusi soyuducu kameralarda mənfi 180C-dən yüksək olmayan temperaturda saхlanılmalıdır. Bu temperaturda meyvə-giləmeyvə və aromatik dondurmaları 1,5 ay, südlü dondurmanı 1 ay, qaymaqlı dondurmaları 1,5 ay, plombir dondurmasını 2 ay saхlamaq olar. Ticarət şəbəkəsində isə dondurmaları ümumilikdə mənfi 120C-dən yüksək olmayan temperaturda 5 gün saхlamaq olar.
Dondurmanın ticarət şəbəkəsində qeyd edilən müddətdən artıq saxlanması yolverilməzdir.
Qeyd olunanlarla bağlı hər hansı pozuntu hallarına rast gəldikdə isə Dövlət Xidmətinə müraciət edə bilərsiniz.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində