"Qəbələ"nin sabiq futbolçusu "Əl-Əhli" klubuna keçib
"Qəbələ"nin keçmiş futbolçusu Leonardo da Silva Souza Sergey Rebrovun baş məşqçi kimi çalışdığı Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna keçib.
XalqTV.com report-a istinadən xəbər verir ki, braziliyalı hücumçu ilə sonradan daha bir il uzadıla bilməsi şərti ilə iki illik müqavilə bağlanılıb.
25 yaşlı oyunçu ötən mövsümü Serbiya "Partizan"ında keçirib. "Transfermarkt" "Partizan"ın bu transferdən 4,2 milyon avro qazandığını yazıb.
Qeyd edək ki, Leonardo da Silva Souza "Qəbələ"də 2013-2014 mövsümündə Yuri Syominin rəhbərliyi altında forma geyinib. Lakin 2014-cü ilin yayında onunla müqavilə uzadılmayıb. Daha sonra "sambaçı" 2016-cı ilədək Rusiya "Anji"sində çıxış edib və son mövsümü "Partizan"da keçirib. Oyun səviyyəsini get-getə yüksəldən forvard "Qəbələ"də 31 oyuna 7 qol vurubsa, "Anji"də 31 matçda 8, "Partizan"da isə 34 qarşılaşmada 24 qol vurub.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində