Dollarlaşma nədir?
Dollarlaşma (dollarization)- bir ölkədəki əhali və şirkətlərin hesablaşma və yığım vasitəsi kimi milli pul yerinə xarici pul (dollar) istifadə etmələridir.
XalqTV.com "Marja"ya istinadən bildirir ki, tam dollarlaşma, bir ölkənin milli pulunu tamamilə tərk edib, dolları rəsmi pul vahidi kimi qəbul etməsidir.
Qismən dollarlaşma, bir ölkədə iqtisadi subyektlərin, yüksək inflyasiya və qeyri-müəyyənlik şəraitində milli valyutanın mümkün dəyərdən düşməsindən qorunmaq məqsədilə, vəsaitlərini saxlamaq üçün milli valyuta yerinə xarici valyutanı (dolları) seçməsidir.
Adətən dollarlaşmanın ilk mərhələsi, xarici valyutanın yığım vasitəsi kimi istifadə edilməyə başlanması ilə müşahidə olunur. Azərbaycanda devalvasiyalardan sonra banklardakı əmanətlərin təxminən 83%-i dollara çevirilmişdi. Hazırda əmanətlərdə dollarlaşma 79% səviyyəsindədir.
Digər tərəfdən, xüsusilə inkişaf etməkdə olan bazarlarda yaxın keçmişdə tez-tez baş verən bank böhranları, "öhdəlik dollarlaşması" anlayışını da ortaya çıxarmışdır.
Öhdəlik dollarlaşması; Ölkədəki bank və dövlət sektoru daxil olmaqla bütün iqtisadi subyektlərin, xarici valyutada böyük miqdarda borclarının olmasıdır.
Həm aktivlərin, həm də öhdəliklərin dollarlaşması tək bir ad altında "maliyyə dollarlaşması" kimi səciyyələndirilə bilər.
Maliyyə dollarlaşması, bir ölkədəki əhali və şirkətlərin, investisiyalarını, yığımlarını (aktivlərini), həm də öhdəliklərini (borclarını) xarici valyutada saxlamaq meyli kimi xarakterizə olunur.
Aktiv və öhdəliklərin mərhələli şəkildə milli valyutaya çevirilməsinə əks dollarlaşma deyilir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində