"Şerif"in futbolçusundan etiraf: "Çəkinirik, həyəcanlıyıq"
Bizi çox ağır oyun gözləyir.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Şerif"in futbolçusu Vitali Damaşkan deyib.
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ"la Bakıda qolsuz heç-heçə edən Tiraspol təmsilçisi sabah çempionumuzla cavab matçına çıxacaq.
Moldova telekanalına açıqlama verən Damaşkan şansları dəyərləndirib. O, komandasını ağır görüşün gözlədiyini bildirib: "Səfərdə qolsuz bərabərliyə qaldıq. Öz meydanımızda isə qol vurmağa məcburuq. Çempionlar Liqasında yola davam etmək istəyiriksə, bunun öhdəsindən gəlməliyik. Tiraspolda belə vacib görüşlər tez-tez keçirilmir. Tribunaların tam dolacağını gözləyirəm. Ümid edirəm ki, stadiona çoxlu insan gələcək. "Qarabağ"ın azarkeşləri Bakıda komandalarına necə dəstək olurdularsa, fanatlarımız da o cür davranmalıdılar".
"Şerif"in hücumçusu "Qarabağ"dan çəkindiklərini etiraf edib. O bildirib ki, açıq futbol oynasalar, istəklərinə çata bilməyəcəklər. Damaşkan bunu Ağdam klubunun hücum xətti ilə əlaqələndirib: "Fikrimcə, açıq futbol oynamalı deyilik. Çünki "Qarabağ"ın hücum xəttində çox sürətli oyunçuları var. Buna görə də, irəli atılaraq, boşluqlar verməli deyilik. Səbrli olub, öz məqamımızı gözləməliyik. "Mandraj"dayıq, həyəcanlıyıq. Mən bütün oyunlara ciddi yanaşıram. Amma Çempionlar Liqasının matçı daha dəyərlidi. Bu səbəbdən əvvəlki görüşlərlə müqayisədə həyəcanımız çoxdu. Amma bu barədə düşünməməyə çalışıram".
Qeyd edək ki, "Şerif" - "Qarabağ" görüşü sabah saat 21:00-da keçiriləcək.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində