Hikmət Babaoğlu: "Əhalinin rifahının yaxşılaşdırılması istiqamətində qətiyyətli addımlar atılır"
"Azərbaycan hüquqi dövlətdir. Azərbaycan milli dövlətçiliyinin əsasında həm də sosial dövlət olmaq fəlsəfəsi durur. Azərbaycan dövləti xalqın və vətəndaşların rifahının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. Bu məsələ Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapıb".
Bu barədə XalqTV.com-a açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu bildirib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda sosial siyasətin dərin hüquqi kökləri var: "Azərbaycan prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uzunmüddətli siyasət məhz ölkənin sosial problemlərinin həlli, aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində olub. Məhz bu məqsədlə dövlət başçısının rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı da daxil olmaqla bir neçə dövlət proqramı qəbul edilib. Bu çərçivədə regionların inkişafı, yeni kommunikasiyaların qurulması, iş yerlərinin açılması, mövcud regionun iqtisadi göstəriciləri nəzərə alınmaqla istehsal müəssisələrinin yaradılması ilə bağlı çoxsaylı layihələr həyata keçirilib. Əgər Azərbaycan dövlətinin sosial siyasətinin əsaslarında diqqət yetirsək, o, çoxşaxəlidir. O, məşğulluğun artırılması və işsizliyin aradan qaldırılması, yeni sənaye regionlarının, məhəllələrinin, ölkədə idmanın inkişafı ilə bağlı bütün regionlarda müasir idman infrastrukturunun yaradılması istiqamətindədir. Bu sırada qaçqın və məcburi köçkünlərin problemlərinin həllini də xüsusi qeyd etmək lazımdır. İndiyədək Azərbaycanda bununla bağlı 100-dək qəsəbə inşa edilib və onların ixtiyarına verilib.
Əgər daha geniş təhlil etsək, görərik ki, bütün bunlarla yanaşı, sosial siyasətin tərkib hissəsinə həm də ölkədə səhiyyə xidmətinin yaxşılaşdırılması da daxildir. Bu istiqamətdə atılan addımlardan biri də icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır. Bu məqsədlə 2 pilot rayon seçilib. Bu da Azərbaycanda əhaliyə sosial-səhiyyə sahəsində xidmətin yaxşılaşdırılmasına təsir edir.
Bununla yanaşı prezident İlham Əliyevin rəhbərliyi altında yeni bir sosial layihə həyata keçirilir. Bu, aztəminatlı ailələr üçün sosial evlərin tikiləməsi layihəsidir. Bu layihə ekspertlər tərəfindən xüsusi qiymətləndirilib. Onun uğurla davam etməsi göstərir ki, gələcəkdə ölkədə aztəminatlı ailələr asan yolla mənzillər əldə edəcəklər. Bu da şübhəsiz, Azərbaycanda sosial siyasətin tərkib hissəsi kimi sosial problemlərin həlli istiqamətində mühüm addımlardan biri kimi səciyyələndirilməlidir".
H.Babaoğlu qeyd edib ki, bütövlükdə bu siyasət nəticəsində hazırda Azərbaycanda işsizliyin səviyyəsin 5 faizdən də aşağı düşüb: "Hər bir ölkədə ən güclü sosial göstəricilərdən biri işsizliyin səviyyəsi hesab edilir. Ötən illər ərzində Azərbaycanda, xüsusən də özəl sektorda çoxsaylı iş yerlərinin yaradılması bu sahənin perspektivindən də xəbər verir. Azərbaycanda sosial məsələlər bu gün də diqqət mərkəzindədir, təməli ulu öndər Heydər Əliyev tərəfindən bu siyasət indi də uğurla davam etdirilir. Bir neçə gün öncə Hacıqabul rayonunda yeni sənaye məhəlləsinin, Bakının Pirallahı rayonunda yeni iş yerlərinin yeni sənaye mərkəzinin, iş yerlərinin yaradılması ölkədə sosial problemlərin həllinə və işsizliyin aradan qaldırılmasına xidmət edən addımlardır.
Bütövlükdə qeyd etmək olar ki, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasət uğurla davam etdirilir, əhalinin, xüsusən də aztəminatlı ailələrin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində qətiyyətli addımlar atılır".
İlkin İzzət
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində