Avrokuboklarda 50-ci zəfər
Çempionlar Liqasının II təsnifat mərhələsinin "Samtredia" ilə "Qarabağ" arasındakı bugünkü qarşılaşması tarixi əhəmiyyət kəsb edir.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, Bakıda keçirilən ilk görüşdə rəqibini 5:0 hesabı ilə məğlub edən Ağdam klubunun mərhələ adlaması yubiley uğurumuz olacaq.
Belə ki, 1994-cü ildən avrokuboklarda iştirak edən komandalarımız 49 dəfə mərhələ keçib. Cari mövsümün startına qədər bu rəqəm 47-yə bərabər idi.
Avropa Liqasının I təsnifat mərhələsində "İnter"in "Mladost"u, "Zirə"nin "Differdanj"ı keçməsi ilə adlanan mərhələlərin sayı 49-a çatıb. 50-nin astanasında olan ölkəmizə yubiley zəfərini II təsnifat mərhələsinin ilk xoşbəxti gətirməlidi.
Çempionlar Liqası oyunları daha tez keçirildiyindən 50-ci uğurun memarı "Qarabağ" olacaq. Azərbaycan çempionunun mərhələ keçməməsi isə mümkünsüz görünür. Çünki 5:0 hesablı qələbəni əldən verilməsi real deyil.
23 ildə keçilən 49 səddi 10 klubumuz adlayıb. "Qarabağ" hamıdan çox - 17 dəfə bunu bacarıb. Ağdamlılar Tiflisdə 18-ci zəfərini rəsmiləşdirəcək.
"Neftçi" hələlik 2-ci pillənin vahid sahibidi. Bakılılar 9 dəfə tur keçib. Lakin "ağ-qaralar"ın izləyiciləri "Qəbələ" və "İnter" hərəyə 8 dəfə sevinib. Bu komandalar Avropa Liqasında mübarizəni davam etdirdiyindən "Neftçi"yə çatmaq, hətta keçmək imkanına malikdi. Daha bir komanda - "Xəzər Lənkəran" bir dəfədən çox - 2 dəfə uğur sahibi olub. Digər 5 komanda isə hərəyə 1 mərhələ keçib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində