Formula 1 pilotunun bolidi yandı
Bakıda keçirilən Formula 1 yarışlarının üçüncü sərbəst yürüşündə "Renault" komandasının pilotu Colyon Palmer mühərrikdə yaranan problemlərlə əlaqədar trası tərk edib.
XalqTV.com Trend-ə istinadən bildirir ki, ikinci döngədə bolidi tüstülənməyə və yanmağa başlayıb. Pilot bolidi vaxtında tərk edə bilib. Marşallar yanğının qarşısını alıb.
Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib.
Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.
XalqTV.com