idman

FIG texniki nümayəndəsi: "Təşkilatçılığa görə Azərbaycana ən yüksək xalı verirəm" - FOTO

  • 10 May 2017
  • 243 baxış

Azərbaycan idmanda böyük sıçrayış edib və yarışları çox gözəl təşkil edir.

XalqTV.com xəbər verir ki, bunu Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının (FİG) kişi idman gimnastikası üzrə texniki nümayəndəsi Marko Vukoya deyib.

O, Bakıda bir neçə dəfə olduğunun deyib: "İlk dəfə mən burada 5-6 il əvvəl, Milli Gimnastika Arenası tikilməyə başlayanda olmuşam. Azərbaycan idmanda böyük sıçrayış edib və tarixdə ilk Avropa Oyunlarını çox gözəl keçirib. Çətin ki, başqa ölkə bunu bu səviyyədə edə bilərdi. İslam oyunlarında mən ilk dəfə texniki nümayəndə kimi iştirak edəcəyəm. Çünki adətən mən hakimlik edirəm və Avropa Gimnastika İttifaqının texniki komitəsinin tərkibində oluram".

O vurğulayıb ki, bir neçə saat əvvəl buraya gəlməsinə baxmayaraq artıq təşkilatçılığın yüksək səviyyəsini görüb: "Burada hər kəs özünü təhlükəsizlikdə hiss edir, hər şey qaydasında gedir. Hesab edirəm ki, Milli Gimnastika Arenası bütün yarışları yüksək səviyyədə qəbul etməyə hər zaman hazırdır, Azərbaycan Gimnastika Federasiyası isə müxtəlif yarışların və seminarların keçirilməsində təcrübəyə sahibdir. Təşkilatçılığa görə Azərbaycana ən yüksək xalı verirəm".

Yarışlardakı təmsilçilik barədə danışan texniki nümayəndə Türkiyə və İran gimnastlarını xüsusi vurğulayıb: "Burada Avropa çempionatının finalçısı Fərhad Arican öz elementi ilə çıxış edib. İrandan yeni şəxsi elementini elan edən güclü gimnast var. Əlbəttə, burada maraqlı idmançılar çıxış edəcəklər və biz onları izləyəcəyik. Ümid edirəm ki, azərbaycanlı gimnastlar da medallar uğrunda mübarizə aparacaqlar".

FIG-nin texniki nümayəndəsi dövlət tərəfindən gimnastikaya güclü dəstəyi və federasiyanın yaxşı işini vurğulayıb: "Əsas odur ki, burada azyaşlılarla təmkinlə iş aparılır. Bu o deməkdir ki, gələcəkdə idman gimnastikasında nəticələr yaxşılaşacaq".

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR