Millimizin hücumçusu Superliqa klubu ilə anlaşdı
Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz karyerasını Türkiyədə davam etdirəcək.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, "Bursaspor"un oyunçusu Superliqanın digər klubuna keçməyə hazırlaşır.
Belə ki, Bursa klubunda əsas komandadan uzaqlaşdırılan və transferə çıxarılan 29 yaşlı forvard "Osmanlıspor"un formasını geyinməyə yaxındı. Paytaxt təmsilçisinin baş məşqçisi Hamza Hamzaoğlu "Bursaspor"dan tanıdığı yetirməsini yenidən ixtiyarında görməkdə israrlıdı.
Onun tələbindən sonra danışıqlara başlayan "Osmanlıspor" rəhbərliyi Dənizlə artıq anlaşıb. İndi qalır "Bursaspor"u bu keçidə razı salmaq. "Ağ-yaşıllar" müqavilə müddətinin sonuna 2 il qalan oyunçunun keçidinin əleyhinə deyil. Lakin bursalılar onu havayı yola salmaq niyyətində deyillər.
Hər iki klub transferin baş tutmasında maraqlı olduğundan, millimizin forvardının yaxın günlərdə "Osmanlıspor"a keçidi gözlənilir.
Qeyd edək ki, Dəniz Yılmaz "Bursaspor"a ötən il "Trabzonspor"dan keçib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində