Siyasət

Sülhməramlılar erməni uşaqları aparıb meşədə onlara təlimlər keçirlər

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 06 Sep 2021
  • 3420 baxış

"44 günlük müharibədən sonra Ermənistanın Azərbaycana qarşı olan təxribat əməlləri bitib tükənmək bilmir. Çünki Ermənistanın əsas məqsədlərindən biri budur ki, Azərbaycanı böyük təxribatlara cəlb etsin, xüsusən də Qarabağ istiqamətində".

Bunu XalqTV.com-a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.

O bildirib ki, Azərbaycan antiterror əməliyyatı nəticəsində Araik başda olmaqla separatçı rejimin digər qalıqlarını da bir gecənin içində ələ keçirib, Bakıya gətirməlidir:

"Son zamanlar Ermənistan tərəfi yalandan Şuşa ətrafında manipulyasiyalar edir, təxribat bir mövzu ortaya atır. Yalandan bir video çəkib qoydular ki, güya Şuşadan qondarma rejim qalıqlarının postları istiqamətində atəşlər açılıbdır. Ağıllı insanlar bilir ki, Şuşa istiqamətində atəşin açılması hansı məqsədlərə xidmət edir. Şuşada sürətli şəkildə quruculuq işləri gedir, orada artıq mülki əhalinin yerləşdirilməsi məsələsi gündəmdədir, üstəlik orada silahlı qüvvələrimiz yoxdur, Azərbaycan yəni orada postlar, mövqelər qurmayıbdır. Güya erməni "silahlı qüvvələrinin" mövqelərinin atəşə tutulması həmin o təxribat xarakterli təbliğatın tərkib hissəsidir. 

Aydın məsələdir ki, Ermənistanın kapitulyasiya aktı imzalanandan sonra işğaldan azad edilən ərazilərdə bir neçə dəfə erməni diversant dəstələr ələ keçirildi. Onların içində təbii ki, təkcə Ermənistandan gələn şəxslər yox idi, eyni zamanda keçmiş DQMV-nin də vətəndaşı olanlar var. Həmin o şəxslərin Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etmələri və onlarla bağlı amnistiyanın verilməsi, bağışlanması, əfvi məsələsini gündəmə gətirmək lazımdır. Yəni əgər onlar bu addımı atarlarsa, Prezident İlham Əliyevə əfv olunmaqlarını xahiş edərlərsə, bu, birbaşa Azərbaycanın xeyrinədir. Bu, bir daha onu sübut edəcək ki, Qarabağ erməniləri olan bu diversantlar Azərbaycan vətəndaşıdırlar və Azərbaycan Prezidentinə müraciət edirlər ki, bir Azərbaycan vətəndaşı kimi törətdikləri o əməllərə görə əfv olunsunlar vu bunlarla bağlı amnistiya qəbul olunsun.

İstər Ermənistan ərazisindən, istərsə də Basarkeçər ərazisindən son vaxtlar Naxçıvan istiqamətində açılan atəşlər nəticəsində yenidən bir neçə əsgərimiz şəhid oldu. Üstəlik buna görə Ermənistan tərəfi Azərbaycanı dünya ictimaiyyətinə günahkar göstərməyə çalışır. Onlar müharibənin qaynar fazası bitdikdən sonra keçiblər hibrid müharibəsinə. İndi həm informasiya müharibəsi gedir, həm lokonik atışmalarla Azərbaycanı təxribata çəkirlər. Beynəlxalq ictimaiyyətə, dünyaya çatdırırlar ki, guya onlar burada təhlükə altındadırlar. Guya Azərbaycan indidən onlara zor tətbiq edir, atəşlər açır və s. Azərbaycan tərəfi nə üçün o ərazilərə atəş açsın?! Düşünəndə ki, orda özü də mülki əhali yaşayır, absurd iddiadır. Separatçı rejimin qalıqları özbaşına, qanunsuz şəkildə rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yeni postlar qurublar. Onlar yoxlanılsa hələ məlum olacaq ki, əksəriyyəti Ermənistan vətəndaşıdır. Müharibə bitəndən sonra onlar qayıdıb heç Ermənistana getməyiblər. 

Ermənistan-Azərbaycan arasında elə sərhəd ərazilər var ki, ora hələ də tam nəzarət altında deyil. Sərhədlərin delimitasiya və demarkasiya məsələləri bitməyənə qədər bu məsələlər hələ də tam nəzarərə götürülməyib. Çünki elə meşə, dağ relyefli ərazilər var ki, istisna edilmir ki, o ərazilərdən erməni diversantlar gizli yollarla Qarabağa daxil olurlar və separatçı qüvvələrə dəstək verirlər. Bir neçə gün bundan öncə baş verən bir faktı xatırladım, Ermənistan parlamentində olan müxalifət fraksiyasının nümayəndələri Qarabağa səfər edərək Daşnaksütyun partiyasının şöbəsinin açılışında iştirak etdilər. Bu cür addımlarla ermənilər birbaşa təxribatlara yol verirlər. Azərbaycan bu məsələyə XİN və təhlükəsizlik strukturları səviyyəsində qəti mövqeyini ortaya qoymalıdır, bir mesaj verməlidir ki, belə şeylərə son qoyulsun, bu təxribatlara son qoyulmazsa Laçın dəhlizinin bağlanma məsələsini gündəmə gətirəcəyik. Yəni istəyir orada sülhməramlılar olmasın, kim olur olsun birdəfəlik olaraq Laçın dəhlizi bağlanmalı, Ermənistandan Qarabağa gediş-gəlişin qarşısı alınmalıdır. Sülhməramlılar gedib öz işləri ilə məşğul olsunlar. Onların öz missiyaları var. Gedib Qarabağda yaşayan erməni ailələrin uşaqlarını yığıb aparıb meşədə onlara təlimlər keçirlər. Mən başa düşə bilmirəm, sənin missiyan nədir? Sən gəlib erməni uşaqlarını aparırsan meşədə təlimlər keçirsən. Nəyi öyrədirsən, kimə qarşı hazırlayırsan? Yəni sən demək istəyirsən ki, sabah yenə müharibə başlayacaq? O zaman uşaqlara nə üçün müharibə zamanı necə qorunmalı, hansı təxliyələr olunmalı, silah necə doldurulmalı məsələlərini öyrədirsən? Bu məsələləri gündəmə gətirərək Azərbaycanın başını qatırlar ki, böyük problemlərlə üz-üzə qoysunlar. Onun üçün də Ermənistanın bu təxribat xarakterli addımları davam edəcək. Çalışacaq ki, Azərbaycanı artıq lakonik yox, böyük bir qlobal problemə çevirsin, hücumlar yenə intensiv hal alsın. Təbii ki, Azərbaycan bu məsələləri çözüb qurtarıbdır. Nə Dağlıq Qarabağ deyilən bir münaqişədən söhbət gedə bilər, nə də "statusdan". Ona görə də Azərbaycan tam səlahiyyətli tərəfdir ki, sabah Qarabağda qəfil antiterror əməliyyatı keçirsin. Həmin əməliyyat nəticəsində Araik Aratunyan başda olmaqla orada separatçı rejimin qalıqlarının başında duran digər quldur başçıları qəflətən bir gecənin içində həbs olunub, Bakıya gətirilib və burada onlara qarşı cinayət işi açılmalıdır. Onsuz da Araiki Azərbaycan axtarışa veribdir və bununla bağlı cinayət işi açılıbdır. Ona görə də mən bu baxımdan düşünürəm ki, Azərbaycan tərəfi artıq getdikcə adekvat addımlar atmalı, bu məsələlərdə konkret olaraq öz mövqeyini əməli olaraq ortaya qoymalıdır. 

Qarabağ mövzusu bitibdir, müharibənin qaynar fazası məsələsi bitibdir. Orada müəyyən tör-töküntülər, terrorçular qalıbdır və həmin quldur dəstəsini bir gecənin içində həmin ərazilərdən təmizləyib, məhv etmək lazımdır. 

Ermənilər Xankəndi və sülhməramlıların müvəqqəti yerləşdirildiyi digər ərazilərdəki erməni əhalinin suyla təmin olunması məqsədilə Ağdərə istiqamətində yeni su anbarı tikirlər. Həmin su anbarını da Rusiya sülhməramlı qüvvələri qoruyur. Göründüyü kimi, getdikcə Azərbaycan tərəfini bu və digər əməllərlə qıcıqlandırırlar. Bunlar hamısı Azərbaycan tərəfini hövsələdən çıxarıb, hansısa bir lokal müharibə yoluna əl atmağa məcbur etməyə hesablanıb. Azərbaycana qarşı əgər belə təxribat xarakterli addımlar atılacaqsa, - biz dünənə qədər hesab edirdiksə ki, böyük lokal müharibənin başlamasına lüzum yoxdur, amma bu gedişlə deyəsən lokal bir əməliyyat baş verəcək. Azərbaycan bu əməliyyatı həyata keçirib birdəfəlik bu məsələyə son qoymalıdır. 

Gərək artıq sülhməramlılarla da bir az kəskin olaq. Onların qarşısına çox ciddi tələb qoyulmalıdır. Ermənistan parlamentinin müxalifət fraksiyasının üzvlərinin nə ixtiyarı var axı Azərbaycanın icazəsi olmadan Qarabağa gəlirlər?! Üstəlik də orada Daşnaksütyun partiyasının qərargahını açırlar. Artıq bunların qarşısı alınmalıdır. Müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının rəhbərinə müraciət ünvanlamaq lazımdır ki, Azərbaycanın razılığı olmadan Ermənistan parlamentinin müxalifət fraksiyasının nümayəndələri Qarabağda, Xankəndində nə gəzir? Onlar kimdən icazə alıblar ki, Azərbaycana sərhədlə keçib gəliblər və Xankəndində təxribat islərl məşğuldurlar?".

Təhməz Əsədov


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR