Azad olunmuş ərazilərdə elektrik enerjisi və qaz təsərrüfatı ilə bağlı məsələlər müzakirə edilib
- 31 Aug 2021
- 2325 baxış
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Enerji təminatı məsələləri" İşçi Qrupunun növbəti iclası keçirilib.
XalqTV.com Trend-ə istinadən bildirir ki, iclasda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə bağlı həftə ərzində həyata keçirilmiş tədbirlər, həmçinin İşçi Qrupunun ötən iclaslarında qəbul edilmiş qərarların icrası ilə bağlı görülən işlər haqqında müvafiq dövlət qurumlarının nümayəndələri tərəfindən məlumat verilib.
Şuşa şəhərində strateji obyektlərin elektrik enerjisi ilə təminatı və istilik təchizatı ilə bağlı görülən işlərə dair müzakirələr aparılıb. Şəhərdə tikinti prosesi davam etdirilən elektrik yarımstansiyaları, elektrik xətləri və istilik qazanxanaları ilə bağlı məlumatlar diqqətə çatdırılıb.
İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki ümumi gücləri müvafiq olaraq 200 MVt və 80 MVt olacaq "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarının tikintisi ilə bağlı görülən işlər nəzərdən keçirilib.
Qeyd edilən ərazilərdə qazpaylama infrastrukturunun yaradılması, qaz təsərrüfatı obyektlərinin inventarlaşdırılması, balansa götürülməsi və mövcud infrastrukturun mühafizəsi barədə fikir mübadiləsi aparılıb.