Xəbərlər

Dövlət bu tələbələrin təhsil haqqını ödəyəcək

  • 19 May 2021
  • 1636 baxış

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi qaydasında dəyişiklik edilib. Nazirlər Kabinetinin qərarına əsasən, bu kateqoriyaya daxil olan tələbələrin 2020-2021-ci il tədris ilinin yaz smesteri üçün təhsil xərcləri də dövlət büdcəsi hesabına ödəniləcək. Təhsil Nazirliyi bununla bağlı müraciət qaydalarını açıqlayıb.

XalqTv.com xezerxeber.az-a istinadən bildirir ki, həssas əhali qrupuna aid edilən ailələrin üzvü sayılan tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirdi ki, e-telebe.edu.az elektron portalı vasitəsi ilə həmin kateqoriyaya daxil olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən qarşılanması üçün müraciətlərin qəbulu mayın 19-dan yenidən aktivləşdiriləcək. Cəsarət Valehov vurğuladı ki, Həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq, sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020-2021-ci tədris ilinin yaz semestri üçün təhsil haqqı xərclərindən azad olmaq üçün e-telebe.edu.az elektron portalına mütləq qaydada müraciət etməlidirlər.Təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi yalnız əyani şəkildə təhsil alan tələbələrə şamil edilir.

2020-2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilən tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri üçün elektron portala müraciət etməyə ehtiyac yoxdur. Həmin tələbələrin payız semestri üçün sistemdəki müraciətləri əsas götürüləcək. Onların  sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu elektron informasiya sistemi tərəfindən avtomatik rejimdə yoxlanılacaq, hüququ olan tələbələr üçün təhsil haqqı xərcləri təhsil müəssisələrinə ödəniləcək və bu barədə tələbələrə SMS məlumat göndəriləcək.

Qeyd edək ki, bununla bağlı müraciət iyunun 7-nə kimi davam edəcək. Xatırladaq ki, indiyə kimi 30 mindən çox tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR