Xəbərlər

Qarabağı Qafqazın ən böyük turizm məkanına çevirmək olar - ARAŞDIRMA

  • 06 Feb 2021
  • 210 baxış

XalqTV.com xəbər verir ki, hələ işğaldan əvvəl təkcə dağ-mədən, metallurgiya, yeyinti, emal, yaradıcı sənaye, əczaçılıq, taxılçılıq baxımından deyil, həm də turizm-rekreasiya sahəsindəki geniş inkişaf potensialına görə fərqlənən Qarabağ və ətraf rayonlarımızda hazırkı dövrdə erməni işğalı nəticəsində təhlükəsizliyin təminində yaranan problemlər, infrastrukturun dağıdılması səbəbindən turizmin təşkili mümkünsüzdür.

Təbii ki, Qarabağ və ətraf rayonların turizm imkanlarından tam istifadə üç əsas amil təmin edildikdən sonra mümkün olacaq ki, bunlar da ərazilərdə təhlükəsizliyin təmini, əhalinin oraya qayıdışı və infrastrukturun yaradılmasıdır.

Yaxın gələcəkdə bütün bu məsələlər həll edildikdən sonra Qarabağın Azərbaycanın turizmində öz hegemonluğu ilə seçiləcəyi heç kimdə şübhə doğurmur. Hətta inamla söyləmək olar ki, Qarabağ regional əhəmiyyətli, daha sonra dünya əhəmiyyətli ekoturizm mərkəzinə çevriləcək.

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupovdan əmin olduğunu bildirərək qeyd edib ki, azad edilmiş torpaqlarda həyat yenidən dirçələcək və bölgə qısa zamanda regionun cəlbedici turizm istiqamətlərindən birinə çevriləcək.

Bölgənin turizm imkanlarından istifadə üçün araşdırmalara başlanılıb

İşğaldan azad edilən ərazilərimizdə infrastrukturun qurulması işlərinə artıq başlanılıb. Bu işlərlə paralel şəkildə Qarabağın turizm potensialının dünyaya tanıdılması istiqamətində maarifləndirici işlərə, bölgənin turizm imkanlarından faydalanmaq üçün ilkin araşdırmalara başlanılıb. Qarabağda turizm sektorunun inkişafı bu bölgənin iqtisadi baxımdan tez bir zamanda dirçəlməsinə müsbət təsir göstərəcək. Gözəl turizm məkanları olan Şuşa, Laçın, Kəlbəcərin dağ turizm, ekoturizm, müalicəvi və mədəni turizm potensialından istifadə edərək Qarabağın iqtisadi dirçəlməsinə töhfə vermək olar.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadənin sözlərinə görə, ərazilərdə təhlükəsizliyin təmini, əhalinin oraya qayıdışı və infrastrukturun yaradılması təmin olunduqdan sonra Qarabağ və ətraf rayonlarda yeni turizm məhsulları yaradılaraq turistlərə təqdim ediləcək. Həmin zonada ilk mərhələdə daxili turizmin təşkili əsas istiqamət olacaq. Bu bölgələrdə ilk mərhələdə daha çox ziyarət tipli turizmin təşkili, infrastruktur tam bərpa edildikdən sonra isə istirahət turizminin təşkili nəzərdə tutulur.

Qarabağda hansı turizm növləri üçün imkanlar var?

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov Qarabağda turizmin çox növləri - eko, dağ, qış, ov, sağlamlıq turizminin inkişafı üçün böyük imkanların olması qənaətindədir.

Onun sözlərinə görə, Azərbaycanın bu qədim tarixə malik olan bölgəsi özünün flora və faunası, mətbəxi, tarixi mədəni-dini abidələri, qədim qalaları, körpüləri, meşələri, bulaqları və s. görməli məkanları ilə turistləri cəlb edəcək.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə heyətinin sədri Samir Dübəndi Qarabağda ekoturizm fəaliyyətinin yüksək sürətlə inkişaf edəcəyinə əmindir.

Ekoturizmi bu ərazilərin gələcəyi sayan S.Dübəndi hesab edir ki, təbii ehtiyatlarla zəngin olan Qarabağda həm də müxtəlif növ ekstremal turizm, aqroturizm, yaşıl turizm təşkil etmək olar.

Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Kəlbəcər-Laçın iqtisadi rayonundakı İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar, iqlim-balneoloji şərait, dağ meşələrindən kurort məqsədləri üçün istifadə edilə bilər:

"Burada mineral su yataqlı 8 yeraltı su yatağı mövcuddur. Onlardan 3,093 min m3/gün həcmində ehtiyata malik olan 7 yataq Kəlbəcərin və 4,300 min m3/gün həcminə malik olan 1 yataq Laçının ərazisində yerləşir. Bütün bunlar iqtisadi rayonda turizmin inkişafı üçün geniş perspektivlər yaradır".

Şuşanın tarixi abidələri, "Çətir" şəlalələri...

Qarabağda turizmlə bağlı bir çox layihələrin icrasını mümkün sayan turizm üzrə ekspert Fariz Hacıyev bildirib ki, Qubadlının gözəl təbiətindən, oradakı Həkəri çayının imkanlarından istifadə etmək olar. Həmin ərazilərdə, o cümlədən Kəlbəcərdə gözəl istirahət mərkəzləri yaratmaqla yaşıl turizmi inkişaf etdirmək olar.

Onun fikrincə, Kəlbəcər rayonu qış turizmi üçün də ideal məkandır. İşğaldan azad olunmuş ərazilərimizdə turizm infrastrukturunun qarşılıqlı əlaqə şəklində qurulmasını vacib sayan ekspert hesab edir ki, Şuşa şəhəri Azərbaycan turizminin simvol şəhərlərindən biri olacaq. Onun sözlərinə görə, təkcə Şuşadakı "Çətir" şəlalələri hamını oraya getməyə sövq edəcək.

G.Qəhrəmanov da bu fikirdədir ki, Azərbaycan mədəniyyətinin incisi olan Şuşanın tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verəcək:

"Şuşa mülayim iqlim şəraitinə, mineral suları isə müalicəvi xüsusiyyətlərə malikdir. Bunlar da turizm üçün çox yararlı istiqamətlərdir. Burada tanınmış bəstəkarlar, muğam ustadları, incəsənət xadimləri yetişib. Bütün bunlar imkan verir ki, Şuşada maraqlı turizm xidmətləri marşrutları yaradaraq onları turistlərimizə təqdim edək".

Qafqazın ən böyük turizm mərkəzini yaratmaq olar

İqtisadçı ekspert Eldəniz Əmirov hesab edir ki, Laçın rayonunda "içki sənayesi-turizm-rekreasiya" üçbucağı yaratmaq olar: "Kifayət qədər geniş rekreasiya imkanlarına malik olan Laçındakı İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı, zəngin flora və faunaya sahib, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı bu ərazilərin turizm imkanlarını genişləndirəcək. Laçında bu imkanlardan istifadə edərək "içki sənayesi-turizm-rekreasiya" üçbucağının yaradılmasına nail olmaq olar. Əgər müasir tələblərə uyğun şəkildə qura bilsək, bu üçbucaq zəncirvari reaksiya effekti ilə turizm üçün daha cəlbedici amilə çevriləcək".

İqtisadçının sözlərinə görə, hələ işğaldan əvvəl Kəlbəcərin İstisu qəsəbəsində ümumittifaq əhəmiyyətli 2 böyük sanatoriya fəaliyyət göstərirdi ki, hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi:

"Buradakı "İstisu" mineral suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkün idi. Hətta orada kurort və mineral sudoldurma zavodu da tikilmişdi. Deməli, Kəlbəcərin turizm potensilı hətta Gürcüstanın turizm mərkəzlərinə əsaslı rəqib ola biləcək bir potensiala malikdir".

Mütəxəssisin fikrincə, Kəlbəcərin relyefi dünyanın ən heyrətamiz kanatlarının inşasına, ən maraqlı turizm xidmətlərinin qurulmasına imkan verir. Potensialından düzgün istifadə edilərsə, burada Qafqazın ən böyük turizm mərkəzini yaratmaq, Gürcüstana olan turist axınının istiqamətini dəyişmək olar.

Ekspert bunu da təklif edir ki, Xudafərin körpüsünün yaxınlığında eyni adda turizm mərkəzləri yaratmaq olar. 1000 illik qədim tarixi olan Xudafərin bu zonanın inkişafına ancaq elə özünün tarixi adı ilə böyük töhfələr verə bilər.

https://xalqtv.com/

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR