Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsinin bəzi müddəaları razılaşdırıldı - YENİLƏNİB
16:56
İyunun 1-2-də Aşqabadda Xəzəryanı dövlətlərin xarici işlər nazirləri müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyasının hazırlanması üzrə Xüsusi işçi qrupun 49-cu iclası keçirilib.
XalqTV.com bildirir ki, XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti, habelə İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndə heyətləri iştirak edib.
Türkmənistan prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət müəssisəsinin sədri M. Atacanovun sədrliyi keçən iclasda Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov çıxış edib. Toplantıda tərəflər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin razılaşdırılmamış müddəalarını müzakirə ediblər. Nəticədə Konvensiya layihəsinin bir sıra müddəaları razılaşdırılıb.
Nümayəndə heyətləri danışıqların nəticələrini yüksək qiymətləndiriblər və görüş yüksək səviyyədə təşkil edildiyi üçün Türkmənistan tərəfinə minnətdarlıq ifadə ediblər. Görüşdə növbəti iclasın İranda keçirilməsi qərara alınıb. İclasın tarixi diplomatik kanallar vasitəsi ilə müəyyən ediləcək.
-----------
16:51
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 49-cu iclası keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən XalqTV.com-a verilən məlumata görə, Türkmənistanın paytaxtı Aşqabadda iyunun 1-2-də keçirilmiş iclasda Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak edib.
İclasın sonunda kommünike qəbul olunub.
Növbəti iclasın İranda keçirilməsi barədə qərar qəbul edilib.
Toplantının vaxtı diplomatik kanallarla dəqiqləşdiriləcək.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində