Xəbərlər

""B3" stansiyasının bu il təhvil verilməsi mümkündür" - Metropoliten rəsmisi

Masya
Masya
  • 14 Sep 2020
  • 10 baxış

Ceyhun Səlimov küçəsində, Hərbi Hospitalın qarşısında yerləşən "Bənövşəyi xətt"in 3-cü stansiyası, şərti adı "B3" olan stansiyada da işlər qaydasında gedir. Əvvəlki dövrlərdən fərqli olaraq martda başlanmış koronavirus (COVID-19) pandemiya ilə əlaqədar Nazirlər Kabinetinin müəyyən etdiyi normativlər, işçi sayı ilə bağlı tələblərə ciddi şəkildə əməl olunmaqla işlər davam etdirilir.

XalqTV.com bildirir ki, bunu teleqraf.com-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, stansiyada işlərin başa çatdırılması pandemiya ilə bağlı vəziyyətdən asılı olacaq:

"Bilirsiniz ki, metropolitenin infrastrukturu, əsasən, ölkə xaricindən gətirilən avadanlıqlarla təchiz olunur. Bu səbəbdən də həmin ölkələrdəki vəziyyət və həmin müəssisələrin iş fəaliyyətindən də çox şeylər asılıdır. Qeyd etdiyim məsələlər vaxtında həll olunarsa stansiyanın bu il ərzində təhvil verilməsi mümkündür. Onu da xüsusi qeyd edim ki, "B3" stansiyası "Bakı Metropoliteni"ndə əsas əhəmiyyətli stansiyalardan biri olacaq. Çünki bu stansiyanın arxasında dönmə kamerası inşa olunur. Bu isə qatarların bir yoldan digər yola keçərək hərəkət etməsinə, hərəkət intensivliyinin artmasına şərait yaradacaq. Bunun üçün isə Xocasən Elektrik Deposunda da işlər sona çatdırılmalıdır.

Martın sonunda və aprelin 10-da elan etdiyimiz kimi ikinci tunelin inşası da tamamilə başa çatdırılıb. Tunellərdən birində yol infrastrukturunun, yəni rels və şpalların qoyulması mərhələsi yekunlaşıb və ilk dəfə olaraq məhz bu mənzildə də dəmir-beton bloklardan istifadə olunub. Bu bloklar ağac şpallardan fərqli olaraq "Bakı Metropoliteni"nin öz daxilində istehsal olunur. Bu isə xərcləri, həmçinin xaricə kapital axının azalmasına da kömək edir. Xocasən Elektrik Deposunun inşası 3 mərhələdə həyata keçirilməlidir. Bu isə xəttin, stansiyaların inşası və intensivliklə əlaqədardır. Birinci mərhələ "B3" stansiyası ilə eyni vaxtda başa çatdırılacaq. Orada qatarlara texniki baxış, qulluq, təmir işləri aparmaq üçün minimal şərait yaradılacaq. Hazırda bu istiqamətdə mühüm işlər aparılır. Onu da qeyd edim ki, indi "Bakı Metropoliteni"ndə "B3" stansiyasının hazırlıq təchizatı ilə bağlı əsasən qatarların hərəkətinin təşkili və digər infrastrukturun qurulması istiqamətində mühüm işlər görülür. Bildiyiniz kimi eskalator və liftlərin quraşdırılması başa çatdırılıb, istifadəyə verilmə ərəfəsində son sınaq tənzimlənmə işləri həyata keçiriləcək. Bu işlər öz qaydası ilə davam edir. Əminəm ki, hər hansı böyük, qlobal problem yaşanmayacağı təqdirdə stansiyanın il ərzində təhvil verilməsi mümkündür".

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR