Xəbərlər

"Hər kəs bu məhərrəmlik mərasimini fərdi şəkildə, öz evlərində icra etsin"

  • 24 Aug 2020
  • 279 baxış

XalqTv.com xəbər verir ki,Müasir dövr, indiki şərait elə bir vəziyyətə gəitirib çıxarıb ki, pandemiya, COVİD-19 xəstəliyi bütün bəşəriyyəti bürüyüb. Əfsuslar olsun ki, bizim ölkəmiz də bu pandemiyadan əziyyət çəkməkdədir, amma cənab Prezidentin sərəncamı ilə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın fəaliyyəti nəticəsində bu xəstəliyin maksimum nəticədə qarşısı və fəsadları alınmaqdadır. 

Bunu Milli.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru İbrahim Quliyev deyib.

O bildirib ki, özünü müsəlman adlandıran hər bir vətəndaş, hər bir şəxs, ilk olaraq, gərək özünün sağlamlığını düşünsün:

"İndi bildiyiniz kimi, insan sağlamlığı həm Qurani-Kərimdə, həm peyğəmbərimizin hədislərində birinci sırada gələn məsələlərdəndir. Məsələn, Qurani-Kərimdə Allah buyurur ki, "Öz əlinizlə özünüzü təhlükəyə atmayın", və yaxud da peyğəmbərimizin hədislərinə baxdığımız zaman görürük ki, peyğəmbərimiz öz hədislərində insan sağlamlığını uca Allahın bir neməti kimi xarakterizə edir. Məsələn, hədislərinin birində buyurur ki, "Allahdan bağışlanma və sağlamlıq diləyin". Həqiqətən də, insana imandan sonra sağlamlıqdan üstün bir nemət verilməyib. Və ya başqa bir hədisində buyurur ki, "əgər bir ərazidə "taun" xəstəliyinin olduğunu eşitsəniz, ora getməyin. Siz oradasınızsa, oradan kənara çıxmayın". Bu, onu göstərir ki, həqiqətən, insanın sağlamlığı bizim dinimiz üçün ən önəmli məsələrdən biridir. Ona görə də özünü müsəlman adlandıran hər bir vətəndaş, hər bir şəxs, ilk olaraq, gərək özünün sağlamlığını düşünsün. COVİD-19 xəstəliyi Ümumdünyada Səhiyyə Təşkilatının, o cümlədən Azərbaycan həkimlərinin, Operativ Qərargahdakı mütəxəsisslərimizin verdikləri məlumatlara görə, hava-damcı yolu ilə yoluxur və xüsusən qapalı məkanlarda daha çox yoluxur.

İnsanların fiziki məsafə saxlamadığı yerlərdə daha yüksək templə yoluxduğundan qapalı məkanlar bağlı elan edilib. Operativ Qərargahın da qərarına, tövsiyələrinə və təlimatlarına əsasən, digər qapalı məkanlar kimi, digər məbədlər kimi bizim məscidlərimiz də müvəqqəti olaraq orada hər hansı bir ayinin cəm şəkildə icra edilməsinə qadağa qoyulub və bu qadağanı da bizim ölkə vətəndaşlarımız, xüsusilə də din nümayəndələri çox yüksək səviyyədə qarşılamaqdadır. Hər bir mömin, hər bir inanclı şəxs Operativ Qərargahın təlim və tövsiyələrini əsas götürməli və əsas da götürürlər. Bu qərarı çox yüksək, gözəl şəkildə qarşıladılar və həqiqətən də, bu gün təkcə məscidlərimiz deyil, o cümlədən ölkə ərazisində olan digər din nümayəndələrinin də ibadətgahları müvəqqəti bağlandı, müvəqqəti olaraq orada ayinlərin icrası da təxirə salındı. Digər dinlərin nümayəndələri də bunu çox gözəl şəkildə qarşıladılar". 

QMİ-nin əməkdaşı qeyd edib ki, məscidlərin bağlanılmasında məqsəd bu mərasimi, ümumiyyətlə, ləğv etmək deyil:

"Bizim də Qafqaz Müsəlmanları İdarəsi olaraq tövsiyələrimiz ondan ibarətdir ki, xəstəliyin təhlükəsini nəzərə alaraq Operativ Qərargahın verdiyi qərarlara uyğun şəkildə yaşayaq. Dini kütləmiz Operativ Qərargahın verdiyi qərarlardan kənara çıxmasınlar. Bilirsiniz ki, Aşura mərasimi toplu mərasimdir, yəni insanlar bir araya cəm olaraq, bir yerə toplanaraq bu ayini icra edirlər. Ona görə də Operativ Qərargahın da qərarına uyğun olaraq və Qafqaz Müsəlmanları İdarəsi də həmin qərarı əsas götürərək möminlərə, inanclı insanlarımıza tövsiyə edir ki, bir yerə toplaşmasınlar. Hər kəs bu məhərrəmlik mərasimini fərdi şəkildə, öz evlərində icra etsin. Çünki məhərrəmlik mərasimini unutmaq olmaz. Bunun Azərbaycan milli, mənəvi mədəniyyətində, Azərbaycan ədəbiyyatı tarixində müstəsna yeri var, bizim şəhidlərimizin amalıdır. Şəhidlərimizin əgər həyat yoluna diqqət yetirsək, onların bir çoxunun həyat yolu, həqiqətən də, İmam Hüseyn əleyhissəlamdan, onun şəhadət məktəbindən ilhamlandığının şahidi olarıq. Ona görə də bizim inanclı insanlarımız elə başa düşməsinlər ki, məscidlər bağlanılıb, məqsəd bu mərasimi, ümumiyyətlə, ləğv etməkdir, əlsa! Bunu heç kəs etməz, edə də bilməz. Bu mərasim Azərbaycan milli, mənəvi mədəniyyətində oturuşmuş mərasimdir. Sadəcə olaraq, xəstəliyə görə müvəqqəti olaraq digər din nümayəndələrinə aid olan məbədlər, məscidlər, o cümlədən də ziyarətgahlar, pirlər və s. hamısı və orada dini ayinlərin icrası müvəqqəti olaraq təxirə salınıb. Biz bayaq yuxarıda ayə və hədisləri qeyd etdik ki, İslama görə sağlamlıq birinci yerdədir. Bizim də tövsiyələrimiz ondan ibarətdir ki, hər kəs Operativ Qərargahın verdiyi təlimata uyğun şəkildə hərəkət etsin".

"Təəssüflər olsun ki, müxtəlif sosial şəbəkələrdə, bəzən çox azlıq təşkil etsə də bu var, insanlara qanunun əleyhinə çağırışlar edirlər - Toplaşaq filan yerə, belə edək, elə edək. Bu, qəti şəkildə yolverilməzdir. Bunu qanun əleyhinə çağırış kimi dəyərləndiririk. Biz inanclı insanların, o qrupun da fikirlərini başa düşürük, amma onlar da başa düşsünlər ki, bu Qərargahın, həkimlərin, mütəxəssislərin verdiyi qərardır. Ona görə də hər birimiz Operativ Qərargahın verdiyi təlimata uyğun və Qafqaz Müsəlmanları İdarəsinin verdiyi tövsiyələrə əsasən hərəkət etməliyik ki, birlikdə bu xəstəliyin məhv edilməsinə nail olaq", - İbrahim Quliyev deyib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR