Siyasət

"Ermənilərin kəşfiyyat təxribatlarının sayı yaxın günlərdə daha da çoxalacaq"

Masya
Masya
  • 24 Aug 2020
  • 21 baxış

XalqTv.com xəbər verir ki, Azərbaycanın hərbi planlarından narahat olduğu üçün Ermənistanın Silahlı Qüvvələri Goranboy istiqamətində təxribata cəhd etdilər.

Bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu avqustun 23-də, saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhdini şərh edərkən deyib.

Politoloq bildirib ki, ermənilər Azərbaycanın hərbi planları müəyyənləşdirmək üçün təmas xəttində nəbz yoxlaması həyata keçirirlər:

"Dövlət başçısı İlham Əliyev son çıxışlarında açıq deyir ki, danışıqlar nəticə vermir, fayda vermir və biz məsələnin birdəfəlik həllinə hazırlaşmalıyıq. Bunun nə demək olduğunu ermənilər də anlayır. Ona görə də bu kəşfiyyat təxribatların sayı yaxın günlərdə bir az daha çoxalacaq. Ermənilər bizim hərbi planları müəyyənləşdirmək üçün cəbhə xəttində, təmas xəttində nəbz yoxlaması həyata keçirirlər. Təxribatın əsas səbəbi, məncə, budur. Yalandan deyirlər guya azıb. O dağlarda necə azmaq olar? Əgər səhra olsaydı, anlamaq olardı, dumanlı olub azıb. Hardasa bunu anlamaq olar. Amma dağın başında, özü də sən bilirsən ki, qarşında Azərbaycanın səngərləri var. Sırf kəşfiyyat təxribat xarakteri daşıyıb, amma ələ keçiriliblər. Yenə deyirəm, Azərbaycanın hərbi planlarından narahatdırlar. Vəziyyəti yerində yoxlamağa çalışırlar". 

Qeyd edək ki, Ermənistan növbəti təxribata əl atıb. Belə ki, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan əsir götürülüb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR