Hadisə

Bioloq alim: Elektromaqnit dalğalar stres amilidir, amma düşündüyümüz qədər təhlükəli deyil

  • 10 Aug 2020
  • 311 baxış

Ətraf mühitin elektromaqnit çirklənməsi mümkün xoşagəlməz effektlərin inkişafı fonunda özünəməxsus qiymətləndirmə tələb edir. Bu problem real şəraiti əks etdirdiyi üçün aktualdır. Cəmiyyətdə şüaların bioloji ekosistemlərə və insan orqanizminə təsirinin intensivliyi və təhlükəsizliyi haqqında çoxsaylı məlumatlar mövcuddur və geniş müzakirələr aparılır. Son günlər cəmiyyətdə 5G təhlükəsi ciddi rezonansa yol açdı. Elektromaqnit dalğalar stres amili olsa da, canlıların həyati təhlükəsinə, genetik kodların dəyişdirmə gücünə malik deyil. Sadəcə olaraq, 5G daha öncəki rabitə standartları ilə müqayisədə yüksək yükləmə sürətinə malikdir və daha geniş əhatə dairəsi, daha sabit bağlantını təmin edən radiodalğadır.

XalqTv.com bildirir ki, bu fikri AZƏRTAC-a müsahibəsində AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Beynəlxalq əlaqələr, informasiya və media şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov deyib. O bildirib ki, Günəş ən böyük və təbii elektromaqnit şüa mənbəyidir. Günəş şüalarından Yer kürəsinə çatan və adi gözlə görünən işıq infraqırmızı ultrabənövşəyi şüalar və radiodalğalardır. Həyat üçün təhlükəli sayılan ionlaşdırıcı şüalar (rentgen, qamma, ultrabənövşəyi şüalar) atmosfer təbəqəsindən keçə bilmir. Müasir texnologiyalarda radiodalğalar yalnız rabitə və radiolokasiya vasitələrində deyil, eyni zamanda, sənayedə, tibdə və insan fəaliyyətinin digər sahələrində ən geniş istifadə olunan fiziki amillərdən biridir. Ümumiyyətlə, elektromaqnit şüaların təsir effekti onun parametrləri və diapazonundan asılıdır. Təkamül prosesində canlı orqanizmlər təbiətdə elektromaqnit sahələrin daimi təsirlərinə uyğunlaşmaqla yanaşı, onlardan məlumat ötürücüsü kimi istifadə ediblər ki, bu da hüceyrə-biosfer arasında qarşılıqlı əlaqələrin təmin olunmasına şərait yaradıb.

"Tədqiqatlar sübut edib ki, elektromaqnit şüalanma canlı orqanizmlərə, xüsusilə yetkinlik çağına çatmamış azyaşlıların koqnitiv - təlim, yaddaş və davranış proseslərinə daha çox mənfi təsir göstərir, çünki onlarda immun sistem hələ tam formalaşmayıb. Canlı orqanizmlərdə müəyyən həddə kimi daxili sistemlərin əlaqələrini tənzimləyərək öz funksional sistemini sabit saxlamaq xüsusiyyətləri var. Belə ki, ümumi idarəetmə sistemlərinin köməyi ilə enerji və məlumatın işlənməsi və yenidən əmələ gəlməsi hesabına, orqanizmin müdafiəsi üçün tələb olunan bioloji sistemlər aktivləşir. Tənzimlənmənin bütün mərhələlərində, yəni molekulyar hüceyrələrdən başlamış tam orqanizmə kimi, ətraf mühit amillərinin təsirinə qarşı müxtəlif dərəcəli həssaslıq göstərir və cavab reaksiyası formalaşır. Ümumiyyətlə, hər hansı xəstəliktörədicilər, eləcə də şüalanmanın təsiri zamanı insan orqanizmində özünümüdafiə funksiyası, yəni immun sistem dövrəyə girərək qoruyucu funksiyasını işə salır. Beləliklə, bioloji effektləri düzgün qiymətləndirmək üçün mütləq bioloji sistemlər və ətraf mühitin qarşılıqlı əlaqələri öyrənilməli, davamlılıq səviyyəsi aşkar olunmalıdır ki, bu da insan sağlamlığının qorunması məqsədilə kompleks tədqiqatların aparılması zəruriliyini və müvafiq tədbirlər planı işlənməsi tələbini aktuallaşdırır", - deyə A.Məmmədov qeyd edib

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR