Xəbərlər

Azərbaycanda ikinci dalğa ilə vəziyyət daha da ağırlaşa bilər

  • 07 Aug 2020
  • 253 baxış

Maska taxmaq SMS icazə ilə çölə çıx demək deyil, maska taxmaq işləmə demək deyil, maska taxmaq çimərliyə getmə demək deyil, maska taxmaq 5 aydır davam edən karantin rejimindən xilas olub, normal həyata dönmək üçün səbəbdir. 

Səbəb?

Ölkə karantin rejiminin ilk yumşalma qərarından sonra əsl şok yaşadı desəm, yanılmaram. Yoluxma sayı 100-dən 600-ə yüksəldi. Dərhal Operativ Qərargah karantin rejiminin yenidən sərtləşdirilməsi qərarı verdi. Səbəb isə həmin vaxt yumşalmanı koronavirusun yox olması kimi anlayıb, qaydalara riayət etməkdən boyun qaçıranların sayının həddindən çox olması idi. Qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maska taxmağı şəxslərinə həqarət kimi qəbul edən vətəndaşlara bu gün də rast gələ bilərik. Halbuki, biz bunun cəzasını aylardır çəkirik.

Avqustun 5-dən SMS icazənin ləğvi ölkənin istənilən yerində, xüsusən də Bakıda aylardır çöl üzünə həsrət qalan vətəndaşların şəhərə axını üçün əsl imkan oldu. Artıq iki gündür Bakı insanlarına qovuşur. İcazənin ləğvi qərarından istifadə edib tibbi maskadan istifadə etməyənlərin 3 ay öncəki vəziyyəti yenə unutmağa başladıqlarını görmək isə acınacaqlıdır.

Necə ki, koronavirus ifadəsi cəmiyyətimiz üçün yad olduğu dövrə kimi içdiyi suyun qabını avtomobilindən, avtobusdan küçəyə atan sakinlərə, idarə etdiyi maşının təhlükəsizlik kəmərini taxmağı özünə sığışdırmayan məsuliyyətsiz, ictimai əxlaqdan kasad insanlara rast gəlinirdisə, bu gün də tibbi maskadan istifadə etməyən, xəstə olduğunu bilə-bilə evini tərk edərək başqalarını təhlükəyə atan düşüncəsiz adamlarla, təəssüf ki, tez-tez rastlaşır, oxuyur, eşidirik. Və belələri islah olunmadıqca hamımız təhlükədəyik.   

Bu virusun nə qədər qəddar, nə qədər bağışlamaz xüsusiyyəti olduğunu dünyada hazırkı vəziyyətə nəzər salmaqla da bilmək olar. Koronavirusdan xilas olduğunu açıqlayan Çin, İtaliya, Almaniya, İspaniya və digər ölkələr yumşalmaya gedərək həyatı axarına qaytardılar, amma çox çəkmədi. 

SOS!

Sözügedən ölkələrin rəsmi qurumları tibbi maskadan istifadə, sosial məsafə və gigiyenik qaydaya əməl etmək şərti ilə yumşalma qərarı versələr də, bu qaydalara əməl etməyən vətəndaşılarının məsuliyyətsizliyinin acı nəticəsini çəkməyə başlayıb. Vəziyyət isə göz qabağında. Dünyada epidemioloji durumu nəzərə alan Dünya Səhiyyə Təşkilatı (DST) yeni növ koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət rejimininin növbəti üç ay müddətinə uzadılması qərarı verdi. Dünyada virusun yenidən alovlandığı bir dönəmdə Azərbaycan yoluxma sayını nəzərə alıb mərhələli yumşalmaya getdi. Lakin Azərbaycanda da sanitar-epidemioloji durumun yenidən çətinləşəcəyini müşahidə etmək qaçılmaz ola bilər. İctimai yerlərdə, nəqliyyat vasitələrində DİN əməkdaşları tərəfindən karantin qaydalarına əməl etməyən vətəndaşların cəzalanması prosesi xeyli zəifləyib. 

Cəzasız olmur

Nəticədə cərimələnməmək üçün tibbi maskadan istifadə edənlər yenidən məsuliyyətsizlik nümayiş etdirirlər. Bunun cəzasını isə insanlar canları bahasına çəkirlər. Sağ qalanlar isə ölkə iqtisadiyyatının axsaması nəticəsində iş yerlərini, rahat həyatlarını itirirlər.

Bu müddət bizə COVİD-19 sınağından necə çıxmağı öyrədə bilmədisə, normal həyata qayıtmaq üçün yenidən 4-5 ay gözləməyə alışmaq məcburiyyətində qalacağıq. Xilas olmaq üçün bir yolumuz var - məsuliyyət! Anlayıram, hamı ölkədə məhbəs kimi yaşamaqdan bezib, hamının maddi və psixoloji durumu getdikcə daha dözülməz olub, heç kim artıq karantin rejiminin uzadılması istəmir. Bəs biz normal həyata dönmək üçün nə edirik?!

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR