Dünya

İrandakı çəyirtkələr Azərbaycana da keçə bilər

Masya
Masya
  • 08 Jun 2020
  • 57 baxış

• CƏMİYYƏT • GÜNDƏM

İrandakı çəyirtkələr Azərbaycana da keçə bilər


Bu yaxınlarda qonşu ölkələrdən İrana keçmiş çəyirtkələrə qarşı mübarizə tədbirləri aparılmasa, onlar Azərbaycan ərazilərinə də yayıla bilər.

Bunu AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Barat Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycana çəyirtkələr, əsasən İranla sərhədə yaxın İmişli, Biləsuvar və s. rayonların ərazilərinə keçərək əlverişli yerlərdə məskunlaşır və kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vururlar. Çəyitkələr təsərrüfatlara ziyan vurmaqla yanaşı, may-iyun aylarında məskunlaşdığı ərazilərdə külli miqdarda yumurtalar qoyaraq, növbəti illər üçün ciddi ziyanverici bazalar hazırlayırlar:

"Çəyirtkələr kənd təsərrüfatı bitkiləri üçün (əsasən də taxılkimilər) ən qorxulu ziyanvericilərdən hesab olunur. Azərbaycanda 50-dən çox çəyirtkə növü mövcuddur. Bunların arasında tək-tək yaşayan və o qədər də təsərrüfat əhəmiyyəti olmayan növlər çoxluq təşkil edir. Lakin bir sıra növlər (Mərakeş, İtaliya, Asiya, Misir və s.) kütləvi çoxalma dövründə çox böyük sürülər təşkil edərək bir yerdən digər ərazilərə miqrasiya edirlər. Miqrasiya vaxtı qarşılarına çıxan bütün bitkiləri məhv edirlər. Qeyd etmək lazımdır ki, belə kütləvi miqrasiyalar vaxtaşırı qeydə alınıb".

Mütəxəssis hesab edir ki, çəyirtkələrin Azərbaycan ərazisinə miqrasiyası baş verərsə, onda həm aqrotexniki, həm də kimyəvi mübarizə tədbirləri həyata keçirilməlidir.

Xatırladaq ki, 2020-ci ilin əvvəllərindən əlverişli iqlim şəraiti səhra çəyirtkəsinin Şərqi Afrika, Cənub-Qərbi Asiya və Qırmızı dəniz ətrafı ərazilərdə intensiv çoxalmasına səbəb olub. Efiopiya, Somali və Keniya ilə yanaşı səhra çəyirtkələri artıq İran və Pakistan ərazisinə də yayılıb.

Sürətli çoxalma qabiliyyətinə malik olan bu zərərvericinin 3 ay sonra sayı 20 dəfə, 6 ay sonra 400 dəfə, 9 ay sonra isə 800 dəfə arta bilir. Onlar gün ərzində külək istiqamətində 150 km-ə qədər uça bilir.

İl ərzində 2-5 nəsil verə bilən bu zərərverici müxtəlif otlarla, ağaclarla qidalanaraq onların yarpaqlarını, gövdələrini, çiçək və meyvələrini yeyir.


https://xalqtv.com/

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR