Xəbərlər

Azərbaycan dünyaya tibbi maska və qoruyucu geyimlər ixrac edə bilər - Sumqayıtda açılışı baş tutan m

  • 14 May 2020
  • 353 baxış

Mayın 12-də Sumqayıtda "Gilan Tekstil Park" MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

"Gilan Tekstil Park" MMC ilk növbədə ölkədə yeni olan qoruyucu kombinezonların istehsalına başlanılıb. Burada gün ərzində 6 min ədəd qoruyucu kombinezonun istehsalı nəzərdə tutulur.

XalqTV.com xəbər verir ki, MMC-nin baş direktoru Mehriban Axundovanın Trend-ə verdiyi məlumata görə, istehsal olunan məhsullar hazırda yalnız daxili tələbat üçündür:

"Məhsullar polietilen qoruyucu membranla örtülmüş, yüksək sıxlıqlı polipropilendən olan toxunmamış parçadan tikilir. Bu parça möhkəmliyi, sukeçirməzliyi, kimyəvi maddələrə davamlığı, antistatikliyi, yüngüllüyü ilə fərqlənir. İstehsal olunan qoruyucu kombinezonlar istifadəçiləri virus, infeksiya, zərərli kimyəvi maddələrdən və ya həssaslıq yarada bilən məhsul və proseslərdən qoruyur. Lakin bu məhsullara dünyada böyük tələbat var. Ona görə də, yerli tələbat ödənildikdən sonra həm tibbi maskaların, həm də qoruyucu kombinezonların ixracını nəzərdə tutmuşuq. Hazırda fabrikin günlük istehsalat prosesinə 210 işçi cəlb olunub".

Mehriban Axundova qeyd edib ki, müəssisədə birdəfəlik istifadə üçün tibbi maskaların istehsalına da başlanıb:

"Bu maskalar üçqatlıdır və orta qatı xüsusi filtr funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir. Nəticədə havada uçan müxtəlif kateqoriyalı və fərqli ölçülərdə virusları, infeksiyaları, o cümlədən toz və digər çirkli hissəcikləri maska özündə saxlayacaq. İlkin mərhələdə maskalar üzrə günlük istehsal gücü 140 min ədəd təşkil edir, lakin cari ilin may ayının sonunadək əlavə avadanlıqlar gətiriləcək və istehsalat gücü mərhələli şəkildə 300 minədək artırılacaq. Hazırda istehsalat prosesinə cəlb olunan 30 nəfər işçi var, əlavə avadanlıq quraşdırıldıqdan sonra isə işçilərin sayı 50 nəfərə çatacaq".

MMC-nin baş direktoru əlavə edib ki, fabrikdə fəaliyyət göstərən şəxslərin əksəriyyəti qadınlardır:

"Müəssisənin kəsim sahəsindən başlayaraq qablaşdırma, tikiş və keyfiyyətə nəzarət kimi sahələri var ki, burada qadınlar üstünlük təşkil edir və işçilərin əksəriyyəti Sumqayıt şəhərinin sakinləridir. Əgər gələcəkdə fabrikin məhsullarına tələbat artarsa, biz də əlavə avadanlıqlar alaraq işçi sayını artıra bilərik".

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar tibbi maska, qoruyucu geyimlərə son dövrlərdə dünyada tələbat kəskin artıb. Bu səbəbdən də həmin məhsulların dünyanın bir çox ölkələrində böyük qıtlığı yaşanır. Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda ilk günlərdən həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, insanların sağlamlığı, virusun yayılmasının qarşısının alınması baxımından mühüm rol oynayan bu məhsullar ölkəmizdə istehsal olunmağa başlayıb. Bu müəssisələrin fəaliyyətə başlaması, ilk növbədə, Azərbaycanda dövlət səviyyəsində əhalinin sağlamlığının qorunması məsələsinə yüksək dərəcədə həssaslıqla yanaşıldığını göstərir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR