Xəbərlər

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO

  • 11 Dec 2019
  • 985786 baxış

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib. 

İlk olaraq iclasda Şuraya müraciətlərin 11 aylıq statistikasına nəzər salınıb. Bu baxımdan nəzərəçarpan tendensiyalar müzakirə olunub. Bildirilib ki, quruma daxil olan 490 müraciətdən 201-i media orqanlarının fəaliyyətindən şikayətdir. Həmin şikayətlərin 126-ı MŞ-nin Katibliyində araşdırılıb, tərəflər arasında barışıq əldə olunub. 75 şikayət isə Şuranın Şikayətlər üzrə Komissiyasında baxılıb. Ötən müddətdə 4 cavabdeh KİV-in adı "qara siyahı"ya daxil edilib. Ə.Amaşovun bu və digər məsələlərlə bağlı məlumatları məqbul qiymətləndirilib və onların MŞ-nin 2019-cu il üçün yekun hesabatında əksini tapması zəruri sayılıb.

İclasda müzakirə edilən ikinci məsələ Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Azərbaycan Mətbuat Şurasına ünvanladığı məktub olub. Məktubda bildirilib ki, ölkə daxilində və xaricində qanunsuz idman mərc oyunları həyata keçirən internet portallar mövcuddur. Həmin portalların reklamları isə ölkəmizin kütləvi informasiya vasitələrində yayımlanmaqdadır. Nazirlik reklam yayımının qarşısının alınmasının vacibliyini vurğulayıb və prosesə dəstək olmağa çağırıb. Oxşar müraciəti Şuraya 2011-ci ildən Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru olan "Caspiantech" QSC də edib. "TOPAZ" ticarət nişanına malik bu qurum qanunsuz mərc oyunlarının təşkilini həyata keçirən internet saytların siyahısını da təqdim edib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvləri müzakirə olunan məsələnin mediamız üçün əhəmiyyətli olduğunu vurğulayıblar. Bildiriblər ki, kütləvi informasiya vasitələrimiz reklam bazarının zəifliyindən əziyyət çəkir. İndiki durumda onlar mərc oyunu təşkil edən internet portalları reklam etməklə də müəyyən gəlir əldə edirlər. "TOPAZ"ın isə yerli KİV-lərdə lazımi qədər reklamı getmir. Mövcud durumda ikincilərin digər idman mərc oyunu təşkil edənlərin reklamlarından imtinası maliyyə durumlarına mənfi təsir deməkdir.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR