Xəbərlər

Azərbaycanda "Şəhidimiz" kampaniyasına start verilib

Masya
Masya
  • 03 Dec 2019
  • 364404 baxış

Azərbaycan Respublikası Gənclər Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatlarının və hərəkatlarının iştirakı ilə həyata keçirilən "Azərbaycan könüllülük həftəsi"nə "Şəhidimiz" kampaniyasına start verilib.

Gənclər Fondundan XalqTv.com-a bildiriblər ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə reallaşdırılan kampaniya çərçivəsində respublikanın 17 şəhər və rayonunda ümumilikdə 147 şəhid ailəsi gənclər tərəfindən ziyarət edilib, onlara həmrəylik nümayiş olunub. Kampaniyaya qoşulan "Gənc Könüllülər", "ASAN Könüllülər", "RİİB Könüllüləri", "BİR Tələbə-Könüllülər", "Aqrar İnkişaf Könüllüləri", "KOB Könüllüləri", "Miqrasiya Könüllüləri" və digər hərəkatları təmsil edən gənclər şəhər və rayonlarda Şəhidlər xiyabanlarını ziyarət ediblər. Kampaniyanın iştirakçıları daha sonra şəhidlərimizin ailələrinə baş çəkib, onlarla həmsöhbət olub və dəstəklərini nümayiş etdiriblər. İki gün ərzində kampaniyaya ümumilikdə 2 mindən çox gənc qoşulub.  

Xatırladaq ki, "Şəhidimiz" kampaniyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 1-də gənclərlə görüşü zamanı gənclərə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq barədə tövsiyələrindən ruhlanan bir qrup gəncin təşəbbüsü ilə Novruz bayramı ərəfəsində başlayıb. Ənənəvi olaraq, gənclər "Şəhidimiz" devizi ilə bayramlarda və əlamətdar günlərdə şəhid ailələrini ziyarət edirlər.

"Azərbaycan könüllülük həftəsi" çərçivəsində dekabrın 9-dək ölkəmizin bütün ərazisində tədbirlər təşkil olunacaq. Növbəti günlərdə "VətənimİZ" devizi altında tariximiz və milli-mənəvi dəyərlərimizin təbliği, "Könüllülük sərhəd tanımır!" çərçivəsində xüsusi qayğıya ehtiyacı olan insanlar üçün sosial işlərin görülməsi, "TəbiətimİZ" adı altında ekoloji aksiyaların təşkili nəzərdə tutulur.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR