Xəbərlər

Azərbaycanda yeni Ombudsman seçildi

  • 29 Nov 2019
  • 95576 baxış

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

XalqTv.com Trend-ə istinadən bildirir ki, ombudsmanlığa üç namizəd - Apellyasiya Məhkəmənin sədrinin müavini Kəmalə Abıyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədliyi irəli sürülüb.

Müzakirələrdən sonra 104 səs çoxluğu ilə Səbinə Əliyeva yeni ombudsman seçilib.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin aparat rəhbərinin müavini vəzifəsində çalışan Səbinə Əliyeva 3-cü dərəcəli Dövlət müşaviridir. İxtisasca hüquqşunas olan S.Əliyeva, eyni zamanda, hüquq üzrə fəlsəfə doktorudur.

Bundan əvvəl Milli Məclisin İnsan Hüquqları Komitəsi müvəkkilin seçilməsi üçün namizədlər barədə rəy verib. Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, təqdim olunan namizədlər cəmiyyətdə kifayət qədər tanınan, tərcümeyi-halı zəngin olan insanlardır: "Onların hər biri şəxsi keyfiyyətlərinə görə bu vəzifəni tuta bilər. Namizədlər həm qanunda nəzədə tutulan tələbləri yerinə yetirə biləcək, eləcə də ictimai-siyasi həyatda hörmət və nüfuz sahibinə malik insanlardır. Bu təqdimat və onların yaşı, keçdiyi həyat yolu bu gün Azərbaycanda həyata keçirilən siyasətə, yeniləşmə ruhuna tam uyğundur".

B.Muradova söyləyib ki, məsələ komitənin iclasında müzakirə edilərkən Ombudsmanın institutunun keçdiyi, vətəndaşların həyatında oynadığı yol, beynəlxalq aləmdə həyata keçirdiyi fəaliyyət müzakirə olunaraq, institutun etimadı doğrulduğu qeyd olunub: "Bir sözlə biz bu qənaətə gəldik ki, hər üçün namizəd müvəkkil olmağa layiqdirlər. Kimin seçilməsindən asılı olmayaraq Ombudsman institutunun gələcək fəaliyyətinə uğurlar arzu edirik".


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR