Xəbərlər

Mədəniyyət və İncəsənət Universitetində “Hidayət və teatr” kitabının təqdimatı keçirildi

Masya
Masya
  • 28 Nov 2019
  • 31 baxış

Mədəniyyət və İncəsənət Universitetində “Hidayət və teatr” kitabının təqdimatı keçirildi

27 noyabr Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində  Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, şair, dramaturq, publisist, ictimai-siyasi xadim Hidayətin dramaturgiya və teatr sahəsindəki fəaliyyətinə həsr edilmiş sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin “Hidayət və teatr” kitabının təqdimatı olub.

Kitabın elmi redaktoru sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə, ixtisas redaktorları Səfalı Nəzərli, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyeva, rəyçi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin sədri Nərminə Ağayevadır.

Təqdimatı giriş sözü ilə açan Universitetin elm və yaradıcılıq işləri üzrə prorektoru sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə qeyd etdi ki, işığına toplaşdığımız, teatr tariximizə töhfə olan nəfis tərtibatlı bu kitab vasitəsilə İftixar milli teatr prosesimizdə Hidayətin yerini tapa bildi və Hidayəti İnsan-Ziyalı nümunəsində bədii təhlilə cəlb etdi, Hidayətlə bağlı teatr taxçamızdakı boşluğu doldura bildi.

Sonra Universitetin Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor Gülşən Əliyeva “Hidayət və teatr” kitabında oxucunun diqqətinə çatdırılan Hidayətin şəxsiyyəti, milli ədəbi, mədəni, ictimai mühitdə yeri, rolu və təhlil aspektləri barədə məlumat verdi.

Təqdimat mərasimində Xalq artisti, professor Ağakişi Kazımov,  filologiya elmləri doktoru, professor Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal   Allahverdiyev, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Yusifli, şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qafqaz media” İctimai Birliyinin sədri Azadə Taleh Hüseynova, tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, pedaqoqika üzrə fəlsəfə doktoru, dosent Həsən Bayramov, filoloq-jurnalist Zərəngiz Mansurova, şair-nasir, dramaturq İmir Məmmədli, Əməkdar artist, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Azad Şükürov, Xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru Bəsti Cəfərova, şair-publisist, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin sədri Nərminə Ağayeva, Respublika İncəsənət Gimnaziyasının Teatr şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Hicran Sadıqova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məlahət Ağayeva çıxış etmişlər.

Tədbirdə diqqətə çatdırılıb ki, monoqrafiya Hidayətin dramaturgiya və teatr sahəsindəki nailiyyətlərinə həsr edilmiş ilk tədqiqat əsəridir. Kitabda Hidayətin pyeslərinə quruluş vermiş müxtəlif üsluba malik rejissorların fərqli dəsti-xəttləri araşdırılmış, müqayisə edilərək maraqlı mülahizələr irəli sürülmüşdür. Çıxış edən görkəmli ziyalılar, mədəniyyət və incəsənət xadimləri, aktyorlar, rejissorlar, dramaturqlar, publisistlər Hidayət dramaturgiyasının ötən əsrin ikinci yarısı və əsrimizin əvvəllərində milli teatr prosesinin sənətkarlıq səviyyəsinin yüksəlməsində müstəsna rol oynadığı, eləcə də publisistika və teatr-estetik görüşlərinin Azərbaycanın ədəbi-ictimai, mədəni ənənələrinin milli mədəniyyətimizin inkişafındakı xidmətlərini, Hidayətlə bağlı təəssüratlarını, onun milli mədəniyyətimizin, teatr sənətimizin inkişafı yolunda yüsək təəssübkeşliyi barədə dəyərli fikirlər  söyləmişlər.

Monoqrafiya aktyor, rejissor, şair-dramaturq, publisist, bacarıqlı teatr təşkilatçısı kimi tanınan İftixarın  bütün əsər boyu insan-ziyalı nümunəsi hesab etdiyi fədakar teatr xadiminə böyük hörmət və ehtiramının təzahürüdür. İftixar Piriyevin uzun illər teatr   sahəsində çalışması, nəzəri biliklərə malik olmaqla yanaşı, teatr işinin təşkili, yaradıcılıq problemləri ilə praktiki olaraq qarşılaşması, teatrın bütün sahələrinə dərindən bələd olması, eləcə də dəyərli insan Hidayət Orucovun şəxsiyyətinə, həyat yoluna, yaradıcılıq mövqeyinə bələdliyi, vaxtilə Hidayətin direktoru olduğu Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına 2000-ci ildən hazırkı dövrə qədər rəhbərlik etməsi, bu teatrı respublikanın qabaqcıl teatrları sırasında saxlaya bilməsi – bütün bunlar umumilikdə oxuculara təqdim olunan və çağdaş mədəniyyət tariximizə və teatrşünaslıq elmimizə layiqli töhfə olacağına inandığımız “Hidayət və teatr” monoqrafiyasının mükəmməlliyini isbatlayan amillər sırasındadır.

Kitab teatr və dramaturgiya ilə məşğul olan mütəxəssislər, müvafiq ixtisaslar üzrə təhsil alan  tələbələr, eləcə də mədəniyyətimizlə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.

Təqdimatda “Hidayət və teatr” kitabının müəllifi İftixar Piriyev “Qafqaz media” İctimai Birliyinin sədri Azadə Taleh Hüseynova tərəfindən “İstedadlı qələm sahibi” diplomu ilə, “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin sədri Nərminə Ağayeva tərəfindən İrəvan mədəni irsinin təbliği və yaşamasında uzun illər göstərdiyi əvəzsiz xidmətlərə görə fəxri diplomla təltif edildi.

Mərasimin sonunda İftixar Piriyev tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirdi