Mədənİyyət

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam”

Masya
Masya
  • 24 Aug 2019
  • 30 baxış

Bu gün ermənişünas alim Qafar Çaxmaqlının doğum günüdür. O, 1956-cı il avqustun 16-da Ermənistan SSR-in Amasiya rayonunun Çaxmaq kəndində anadan olub. Orta təhsilini bu rayonda alıb. 1975-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub və 1980-ci ildə buranı bitirib. Həmin ilin noyabr ayının 20-dən etibarən Q.Çaxmaqlı "Kommunist" (ermənicə) qəzetində müxbir kimi fəaliyyətə başlayıb. Burada 1989-cu ilə qədər baş müxbir və bölgə müxbiri kimi fəaliyyət göstərib.

"Vətən səsi" (1990-1991) və "Xalq qəzeti"ndə (1991-1992) məsul katib, "Millət" (1992-1993), "Yeni Azərbaycan" (1993), "Vətəndaş" (1993-1995), "Avrasiya" (1995-1996) və "Respublika" (1996-1999) qəzetlərinin redaktoru və baş redaktoru olub. 1999-2000-ci illərdə Türkiyədə, Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı vəzifəsində çalışıb, 2000-ci ildən 2006-cı ilədək Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri olub. 2003-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dərs deyib.

Erməni, rus və türk dillərini bilən Qafar Çaxmaqlı ermənilərin işğalçılıq siyasəti haqqında dərin elmi araşdırmaların müəllifidir. Alim hazırda "Azərbaycan ordusu" qəzetinin xüsusi müxbiri, Erciyes Universiteti (Türkiyə, Kayseri şəhəri) Erməni Araşdırmalar Bölümünün professorudur.

Qafar Çaxmaqlı tədqiqatçı kimi beynəlxalq elmi konfranslarda çıxış edir və indiyə qədər 100-dən çox elmi məqaləsi yayımlanıb.

O, doğum günü təəssüratlarını Modern.az-la bölüşüb. Qafar Çaxmaqlı ilə qısa söhbəti təqdim edirik.


- Qafar müəllim, doğum gününüzü necə qeyd edirsiniz? 

- Nəvələrim, əzizlərim qohumlarım hamısı məni təbrik etməyə gəliblər.


- Azərbaycanda ermənişünaslıq dedikdə ağıla ilk siz gəlirsiniz. Geridə qoyduğunuz 63 ildə bu sahədə fəaliyyətinizin qısa özətini elə sizdən dinləmək istərdik. 

Hansı sahə olur olsun çətinlik həmişə var. Jurnalistikada da fəaliyyətim asan olmayıb. Mənim taleyim elə gətirib ki, həmişə hər şeyi sıfırdan başlamışam. Məsələn, “Vətən səsi”, "Millət", "Vətəndaş" qəzetlərinin hər birində çalışmağa başlayanda işimi sıfırdan planlaşdırmışam. Elə BDU-nun mətbuat katibi olanda da sıfırdan başlamışam.

Bundan sonra Türkiyədə Erciyes Universitetində Erməni Araşdırmalar Bölümünü təsis etdim. Yenə hər şeyə sıfırdan başlamalı oldum. Amma hər dəfə fəaliyyətinə sanki format verib, yenidən, yeni planlarla işə başlamağın üstün cəhətləri çoxdur. Çünki belə olanda sən bilirsən hər şeyi necə sistemləşdirəcəksən, nəyi, harada, necə tətbiq edəcəksən. Bu zaman uğurlar ard-arda gəlir. Ona görə, çalışdığım mətbuat orqanları həmişə Azərbaycanda sayılıb, seçilən qəzetlər sırasında olub.

Artiv jurnalistika ilə məşğul olduğum müddətdə erməni məsələsini önəmli hesab etmişəm. Elmi araşdırmalara keçəndən sonra bunu daha fundamental, ciddi davam etdirmişəm. Rusiyadan, Gürcüstandan, digər dövlətlərdən müəyyən sənədləri əldə etmək tələb olunur. Kifayət qədər çətin məsələdir ki, bu sənədləri saf-çürük edib, Azərbaycanın, Türkiyənin xeyrinə döndərə biləsən. Belə hesab edirəm ki, bunun öhdəsindən müəyyən qədər gələ bilmişəm.

Türkiyədə hazırda “erməni məsələsi” ilə məşğul olan, erməni dilini bilən adam deyincə, ağıla ilk mən gəlirəmsə, nə mutlu mənə.


- Bu sahə ilə məşğul olduğunuza görə, heç peşman olmusunuzmu? 

- Əksinə, peşman deyiləm. Çünki bizim rəqiblərimiz güclüdür. Erməni araşdırmaçılar, tarixçilər yüz illərdir bu işlə məşğuldurlar. Bizim də bununla məşğul olan alimlərimiz olub, var. Onların işini davam etdirmişik. Mənim də işimi davam etdirən gənclərə ehtiyac var. Ona görə, Erciyes Universitetində Erməni bölümü açıldı və orada mütəxəsis yetişdirməyi qarşımıza məqsəd qoymuşuq. Hər il 15-20 nəfər məzun olursa, onlardan cəmi 5-6-sı yaxşı mütəxəssis kimi yetişsə, bu böyük başarıdır.


- Azərbaycanda da bu sahəni inkişaf etdirmək üçün planlarınız varmı? 

- Təbii ki, ölkəmdə də bu məsləyə əlimi atıram. Burada müəyyən məsələlərin öz yolu ilə getməsi üçün yardımlarımız olur. Belə bir işin təməlini qoymağın təşəbbüskarı olacağam. Türkiyə universitetindəki erməni bölümü kimi bir təsisatın burada da yaradılmasını planlaşdırıram. Türkiyədən fərqli olaraq, Azərbaycanda erməni dilini bilən mütəxəssislər çoxdur. Amma ölkəmizdə bu sahənin dövlət səviyyəsində, sistemli şəkildə qurulması vacibdir. Buna çalışırıq.


- Özünüzə nə arzu edirsiniz? 

- İnsan özünə təbii ki, ilk olaraq, can sağlığıl arzulayar. Ailədə mehribanlıq, səmimiyyət və sağlığın olması vacib məsələlərdir. İstəyərdim ki, Allah imkan versin, əlimizdəki görüləsi, yarımçıq işlərimizi bitirə bilim. Millət, vətən, ailəmiz, özümüz üçün faydalı işləri başa çatdıra bilək. 


Aygün Məmmədova

Xalq TV

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR