Xəbərlər

Milli Kitabxanada növbəti tədbir Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr edilib

Masya
Masya
  • 01 Aug 2019
  • 45 baxış

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür” adlı tədbir keçirilib.

Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış edərək milli varlığımızın əsas atributlarından biri, milli sərvətimiz, milli-mənəvi dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan ana dilimizin saflığı haqqında danışıb.

Natiq dilin qorunmasına yönələn düşünülmüş siyasətdən bəhs edərək bu əlamətdar günün ümummilli lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzaladığı müvafiq Fərmanına əsasən qeyd edildiyini söyləyib.

Direktor müavini deyib ki, Ulu Öndərin 2002-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununda ana dilimiz dili müstəqil dövlətçiliyin əsaslarından biri olaraq qəbul edilib, onun digər dillər arasında yaşaması və təkmilləşdirilməsi sahəsində konseptual ideyalar irəli sürülüb.

Vurğulanıb ki, ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi hamımız üçün qürurverici haldır və dövlət başçımızın müxtəlif vaxtlarda imzaladığı sərəncamları, ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl strategiyasını sübut edən qanunvericilik aktları və bu istiqamətdə görülən bütün işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” imzalanmış müvafiq sərəncama əsasən, klassik və müasir Azərbaycan və dünya ədəbiyyatının əvəzsiz incilərinin latın qrafikası ilə yenidən nəşrinə başlanmış, nəfis və zərif tərtibatla nəşr olunan bu kitablar çoxmilyonlu oxucu kütləsinin istifadəsinə verilib.

Direktor müavini söyləyib ki, milli mədəniyyətimizin sarsılmaz sütunu, varlığımızın və bütövlüyümüzün təcəssümü, təsdiqi olan doğma ana dilimizə hörmət və ehtiramımız, məhəbbətimiz daimidir və onun saflığını qorumaq, gələcək nəsillərə dilimizi mükəmməl formada, ləyaqətlə ötürmək üçün dayanmadan çalışmalıyıq.

Milli Kitabxananın böyük kitabxanaçısı Şahnaz Tahirova çıxış edərək millətin dilinin onun milliliyini ən birinci təsdiq edən amil olduğunu söyləyib, Nəsimilər, Füzulilər, Xətailər, Zərdabilər, Vaqiflər, Vidadilər, Sabirlər, Müşfiqlərin dili olan Azərbaycan dilinin dünyanın ən gözəl, qədim dillərindən biri olduğunu və xalqımızın zəngin dil mədəniyyətinə sahib olduğunu bildirib.

Sonra qonaqlar “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür” adlı kitab sərgisinə baxıblar Sərgidə Azərbaycan, rus və xarici dillərdə Azərbaycan dilinin tarixindən, dövlətimiz tərəfindən dilimizə göstərilən qayğıdan bəhs edən 300-dən çox kitab və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                              Aygün Məmmədova                                                                                                                                                                                            Xalq TV

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR