Xəbərlər

Əməkdar incəsənət xadimi Kəmalə Ağa qızı Ağayeva vəfat edib

  • 19 Jul 2019
  • 382 baxış

Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Tanınmış şair, dramaturq, Əməkdar incəsənət xadimi, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, Prezident təqaüdçüsü Kəmalə Ağa qızı Ağayeva 2019-cu il iyul ayının 18-də vəfat etmişdir.

Kəmalə Ağayeva 1936-cı il iyulun 10-da Naxçıvan şəhərində anadan olmuşdur. 1953-57-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun fransız dili fakültəsində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra uzun illər pedaqoji fəaliyyət göstərmiş, fransız dilindən dərs demişdir. Müxtəlif vaxtlarda C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında və Naxçıvan Dövlət Kukla Teatrında ilk ədəbi hissə müdiri vəzifəsində çalışmışdır. 2002-2005-ci illərdə “Ümid çırağı” jurnalının baş redaktoru olmuşdur.

Fəal bədii yaradıcılığa 1957-ci ildən başlamış, “Azərbaycan” jurnalında “Hilal olaydım” adlı ilk mətbu şeiri dərc edilmişdir. Onun “Məhsəti”, “İsmət”, “O, bizim dağların oğludur”, “Mənim tanrım gözəllikdir, sevgidir”, “Apardı sellər Saranı”, “Göyçək Fatma”, “Tıq- tıq xanım”, “Məlikməhəmməd” və “Sirli sözlər” pyesləri tamaşaya qoyulmuş, efirdə səslənmiş, tamaşaçıların və dinləyicilərin rəğbətini qazanmışdır.

Kəmalə Ağayeva bədii tərcümə ilə də məşğul olmuş, fransız şairləri Pol Elüar, Pol Verleni, L.Araqon və b. əsərlərini Azərbaycan dilinə çevirmişdir.

Bədii yaradıcılığı ilə yanaşı, ictimai fəaliyyəti ilə də tanınmış, Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin (1965-1983), Azərbaycan Yazıçılar Birliyinin təftiş komissiyasının (1981-1983) və Kitabsevərlər cəmiyyəti idarə heyətinin üzvü, Naxçıvan şəhər Sovetinin deputatı (1982) olmuşdur.

Kəmalə Ağayeva həm keçmiş İttifaq respublikalarında, həm də xarici ölkələrdə keçirilmiş müxtəlif ədəbiyyat tədbirlərinin, görüşlərin iştirakçısı olmuş, çıxışları böyük təqdirlə qarşılanmışdır.

“Baharın sözü”, “Gül yarpağı”, “Sən olmasaydın”, “Arpaçayın nəğməsi”, “Daş piyalə”, “O dağlarda gözüm qaldı”, “Vətənə sevdalıyam”, “Qönçələr” və digər maraqlı kitabları, əsərləri istedadlı şairə geniş oxucu auditoriyası qazandırmışdır.

Yaradıcılığı oxucularla yanaşı, dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. 1984-cü ildə Əməkdar mədəniyyət işçisi adı almış, 2002-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Kəmalə Ağayevanın vəfatı ilə bağlı yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir, kədərlərinə şərik olur.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                              Xalq TV                                                                                                                                                                                                        Aygün Məmmədova

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR