Mədəniyyət

Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalının ikinci günü tamaşaçılara üç tamaşa təqdim olunub

  • 04 Jun 2019
  • 445 baxış

Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı çərçivəsində Lənkəran Dövlət Dram Teatrının binasında Beynəlxalq Teatr Festivalı keçirilir.

İyunun 1-də işə başlayan Beynəlxalq Teatr Festivalının ikinci günü tamaşaçılara üç tamaşa təqdim edilib.

Gəncə Dövlət Kukla Teatrı Ə.Orucoğlunun əsəri əsasında hazırlanmış “Zınqırovlu pişik” tamaşası ilə çıxış edib. Tamahkarlığın ifşası, uşaqlarda düzgünlük ideyalarını təlqin edən bu səhnə əsərinin quruluşçu rejissoru Şamil Məmmədli, dekorator rəssamı Sara Məmmədova, kuklaçı rəssamı Təranə Cəfərovadır.

Müstəqil “Ol” Teatrı festival tamaşaçılarının qarşısına xalq nağılının motivləri əsasında hazırlanmış “Cəsur şahzadə Məlikməmmədin nağılı” tamaşası ilə çıxıb. Tamaşanın quruluşçu rejissoru kukla sənətini uzun illər Azərbaycanda və ölkə hüdudlarından kənarda təmsil etmiş, bir çox festivalların laureatı olmuş Namiq Ağayevdir. Rollarda Fikrət Məmmədov, Mehriban Rəcəbova, İlqar Kamal və Əli Baloğlanov iştirak ediblər. Tamaşanın quruluşçu rəssamı Xuraman Azəri, musiqi tərtibatçısı Əfsanə Bağırovadır.

Bakı Uşaq Teatrı isə Lənkəran Festivalına “Göyçək Fatma” tamaşası ilə qoşulub. Əməkdar artist İntiqam Soltanın səhnəyə qoyduğu bu nağıl-tamaşada balacalara ədalətli olmaq kimi gözəl duyğular aşılanır. Xeyirxah göyçək Fatma qarşısına çıxan hər cür çətinlikləri təmkinlə aradan qaldırmaqla öz istəyinə nail olur. Böyük coşqu ilə qarşılanan tamaşanın quruluşçu rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynlidir. Əsas rolları aktyorlardan Niyaz İlyasoğlu, Türkan Şahmarlı, Sovqat Səmədova, Könül Şahbazova, Nicat Əhmədov və başqaları ifa ediblər.

Tamaşaların sonunda hər üç teatr kollektivinə festivalın təşkilat komitəsi tərəfindən diplomlar təqdim olunub.

Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalının üçüncü günü - iyunun 3-də İran İslam Respublikasının Muğan-Hünər və Mika teatrları “Qırmızı vız-vızı”, Akademik Milli Dram Teatrı “Nindza tısbağalar və kapitan Cekin macəraları”, Gənc Tamaşaçılar Teatrı isə “Qoğalın sərgüzəştləri” tamaşaları ilə çıxış edəcəklər.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                      Xalq TV                                                                                                                                                                                                  Aygün Məmmədova

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR