Mədənİyyət

“Caspian etude” Gənc Pianoçuların I Beynəlxalq Müsabiqəsi başa çatdı

Masya
Masya
  • 04 Jun 2019
  • 4 baxış

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə iyunun 1-dən start götürən “Caspian etude” Gənc Pianoçuların I Beynəlxalq Müsabiqəsi başa çatdı.

İyunun 4-də Beynəlxalq Muğam Mərkəzində müsabiqənin bağlanış mərasimi, qaliblərin mükafatlandırılması və laureatların qala-konserti keçirildi.

Mərasimdə çıxış edən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov müsabiqənin uğurla yekunlaşdığını diqqətə çatdırdı, təşkilat komitəsinə, pedaqoq və iştirakçılara təşəkkürünü bildirdi, gənc ifaçılara yeni uğurlar arzuladı.

Münsiflər heyətinin sədri, Xalq artisti Murad Hüseynov müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, ölkəmizdə çoxsaylı beynəlxalq festival və müsabiqələr sırasına daha bir uğurlu layihənin qoşulması əlamətdar hadisədir. Həyata keçirilən layihələr gənc nəslin hərtərəfli inkişafına stimul verir. Sevindirici haldır ki, yaradıcı gənclərimiz bu müsabiqələrdə bacarıqlarını nümayiş etdirir və özlərini təsdiq etmək imkanı qazanırlar.

Daha sonra hər yaş kateqoriyası üzrə I, II, III yerlər, eləcə də laureat və xüsusi diplom olmaqla qaliblərə mükafatlar təqdim edildi.

Müsabiqənin laureatlarının qala-konsertindən əvvəl mədəniyyət naziri Əbülfəs Qarayev təşkilat komitəsinin üzvləri və münsiflər heyəti ilə görüşdü. Görüşdə nazirin birinci müavini Vaqif Əliyev də iştirak edirdi.

Nazir ölkəmizdə qonaq olan münsifləri salamlayaraq Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq festival və müsabiqələr haqqında məlumat verdi. Pianoçuların I Beynəlxalq müsabiqəsini gözəl təşəbbüs kimi dəyərləndirən Əbülfəs Qarayev belə layihələrin davamlı olmasını və daha geniş miqyasda reallaşmasının əhəmiyyətli olacağını bildirdi.

Müsabiqənin gedişatı ilə bağlı münsiflərin fikirlərini dinləyən nazir layihənin gələcək perspektivləri ilə bağlı düşüncələrini və tövsiyələrini dilə gətirdi. Beynəlxalq müsabiqəyə daha çox ölkədən iştirakçıların qoşulması, həmçinin gələcəkdə layihənin daha da təkmilləşdirilməsi, gənc nəslin öz bacarıqlarını sınaması üçün imkan yaradılmasını, musiqi məktəblərinin layihəyə qoşularaq yaxından iştirakının faydalı olacağı vurğulandı.

Münsiflər heyətinin üzvü, tanınmış pianoçu və musiqi tənqidçisi Marko Frey (Almaniya) müsabiqənin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirdi və Azərbaycanda musiqi sahəsində mötəbər yarışmaların keçirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırdı.

Görüşdən sonra müsabiqə qaliblərinin iştirakı ilə qala-konsert təqdim edildi.

Qeyd edək ki, 16 yaşına qədər iştirakçılar arasında dörd yaş kateqoriyasında (9-10; 11-12; 13-14; 14-16 yaş) keçirilən müsabiqədə musiqi və incəsənət məktəblərinin, ixtisaslaşmış musiqi təhsili müəssisələri və musiqi kolleclərinin tələbələri iştirak edib. Musiqi yarışmasında ölkəmizlə yanaşı İsrail, Çin, Rusiya, Avstriya və Ukraynadan ümumilikdə 90 iştirakçı istedadını nümayiş etdirib.

Müsabiqədə gənc istedadların ifasını Xalq artisti, pianoçu Murad Hüseynovun sədrliyi ilə Joakin Rodriqo adına Valensiya Musiqi Konservatoriyasının professoru Marina Bleyns (İspaniya), Sveşnikov adına Dövlət Akademik Rus Xorunun konsertmeysteri Nikita Volov, tanınmış pianoçu Marko Freydən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirib.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     Xalq Tv                                                                                                                                                                                                    Aygün Məmmədova

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR