Xəbərlər

Xocalı şəhidi Ələsgər Novruzov haqqında sənədli filmin təqdimat mərasimi keçirildi!

  • 04 Apr 2019
  • 746 baxış

Xocalı şəhidi Ələsgər Novruzov haqqında sənədli filmin təqdimat mərasimi keçirildi!

Xəbər verildiyi kimi, “Saf Həyat Naminə Gənclər” ictimai birliyinin layihəsi, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyilə Xocalı şəhidi Ələsgər Novruzov haqqında sənədli film istehsal olunub.Layihə rəhbəri “Saf Həyat Naminə Gənclər” ictimai birliyinin sədri xanım Dinara Bayramlı, ssenari müəəlifi və rejissoru Emil Lətifovdur.Martın 30-da Azərbaycan Dillər Universitetinin Konfrans salonunda “Bəs, sən onları tanıyırsan?” adlı layihə əsasında çəkilmiş filmin təqdimat mərasimi keçirildi. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi 1 dəq.sükutla yad edildi. Azərbaycan Dillər Universitetinin Prorektoru Sərraf Hüseynov təqdimat mərasimini açıq elan etdi.
Sərraf müəllim Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, o cümlədən Xocalı soyqırımı haqqında məlumat verdi. Bildirdi ki, aparıcılıq etmək üçün söz xanım Nailə İsmayılovaya verilir.Nailə xanım qonaqları salamladı, “Saf Həyat Naminə Gənclər” ictimai birliyi barədə məlumat verdi. Qeyd etdi ki, 2019-cu ildə 10 yaşı tamam olacaq Birliyin təsisçisi xanım Səbinə Abbasova, Birliyin sədri xanım Dinara Bayramlıdır. 
“Saf Həyat Naminə Gənclər” ictimai birliyinin sədri Dinara Bayramlı “Bəs, sən onları tanıyırsan?” adlı layihə haqqında məlumat verdi. Qeyd etdi ki, Respublika Gənclər Fondunun rəhbərliyi, habelə, Müşahidə Şurası layihəni qiymətləndirərək sənədli filmin çəkilişi üçün icazə verdi. Dinara xanımın giriş nitqindən sonra filmə baxış oldu. 
Sənədli filmin ssenari müəllifi və rejissoru Emil Lətifov şəhid Milli Qəhrəıman haqqında böyük fəxrlə danışdı. Eyni zamanda, təəssüf hissilə dedi ki, Ələsgər müəllimin özü barədə tutarlı videoçəkiliş olmadığından montaj zamanı çətinlik çəkdikdik. Emil müəllim və sənədli filmin assistenti Məhəmməd Baxış bu cür filmlərin həyata vəsiqə alması üçün sevə-sevə, ürəklə işlədiklərini qeyd etdilər. Şəhid Milli Qəhrəmanın qardaşı Adışirin Novruzov, şəhid Milli Qəhrəmanın ömür-gün yoldaşı xanım Şəkibə Novruzova, şəhidin övladları-Vüsalə, Piyalə və Ülvi Novruzovlar sənədli filmi yüksək səviyyədə istehsal etdikləri üçün təşkilatçılara ailə üzvləri adından öz minnətdarlıqlarını bildirdilər.
Xocalı sakinləri-Şəhid Milli Qəhrəmanın dostu və iş yoldaşı Murad Şükürov, ehtiyatda olan tibb xidməti polkovniki Eldəniz Allahverdiyev, şəhid Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı xanım Fiqurə Rüstəmova, məlum soyqırım zamanı erməni terrorçuları tərəfindən girov götürülmüş Dürdanə Ağayeva, şəhid Milli Qəhrəmanın yaxın qohumu Niftalı Manafov Ələsgər müəllim haqqında öz xatirələrini söylədilər. 
Sonda xatırladırıq ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Xocalı sakini Elman Məmmədov, Xocalıdan məcburi köçkünlər-şəhid Milli Qəhrəman Ə.Novruzovun ömür-gün yoldaşı Şəkibə xanım, övladları-Vüsalə, Piyalə və Ülvi, şəhid Milli Qəhrəmanın qardaşı, hazırda Göygöl rayonunda yaşayan Adışirin Novruzov, Milli Qəhrəman Ə.Novruzovun bacısı oğlu Niftalı Manafov, Xocalı rayon Təhsil Şöbəsinin sabiq müdiri Murad Şükürov, eyni zamanda, məlum soyqırımın şahidlərindən biri olan jurnalist, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu bu sənədli filmdə müsahibə veriblər.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR