Xəbərlər

Kürdəmirin Qarasu kəndinə təbii qaz verilib

  • 19 Nov 2018
  • 370 baxış

Kürdəmirin Qarasu kəndinə təbii qaz verilib


Kürdəmir rayonunun daha bir yaşayış məntəqəsinə - Qarasu kəndinə təbii qaz verilib. 556 ev olan kəndin qazlaşdırılması birpilləli sistem üzrə aparılıb, 50 min 187 metr müxtəlif diametrli daşıyıcı və yerüstü borudan istifadə olunub. Fərdi mənzilin hər birinə qaz sayğacı və tənzimləyici quraşdırılıb. Hər bir mənzilin mətbəxinə “Azəriqaz” İstehsalat Birliyinin hesabına daxili qaz xətti çəkilib.

XalqTv.com-un bölgə müxbiri xəbər verir ki, yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə kənddə açılış mərasimi keçirilib.

Mərasimdə rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov çıxış edərək Prezident İlham Əliyevin diqqət və qayğısı ilə bölgələrdə, o cümlədən Kürdəmirdə reallaşdırılan sosial layihələrdən danışıb. Qeyd olunub ki, hazırda Kürdəmir şəhəri də daxil olmaqla, 62 yaşayış məntəqəsindən 59-u qazlaşdırılıb və 20 min 549 abonent “mavi yanacaq”dan istifadə edir. Bu da rayon əhalisinin 98,2 faizini təşkil edir. Rayonun qazlaşdırılmayan üç yaşayış məntəqəsində - Qarabucaq qəsəbəsi, Qarabucaq və Qurdbayram kəndlərində layihə-smeta işləri görülür. Gələn il rayon tam qazlaşdırılacaq.

Mərasimdə çıxış edən Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Namiq Məmmədov dövlətimizin başçısının tapşırığı ilə respublikamızın, o cümlədən Kürdəmirin bütün yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Kənd sakinləri çıxışlarında təbii qazın verilməsi ilə əlaqədar sevinclərini ifadə edib, insanların güzəranının yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda rəmzi məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR