Xəbərlər

Avropada ilk azərbaycanlı elmlər doktoru oldu

  • 19 Nov 2018
  • 15901 baxış

Nuridə Atəşi (Qədirova) Fransanın Lion 2 Universitetində arxeologiya ixtisası üzrə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.

Alimin "Mərkəzi və Cənubi Qafqazın son tunc-erkən dəmir dövrü Azərbaycanın Xocalı-Gədəbəy mədəniyyəti kontekstində: e.ə. 1300-700-cü yüzilliklər" mövzusuna həsr olunmuş tədqiqat əsəri 12 fəsildən, 394 səhifədən ibarətdir. 

Müxtəlif ölkələrin universitet və elmi-tədqiqat institutlarının mütəxəssislərindən təşkil olunmuş beynəlxalq jüri tədqiqat işinə yüksək qiymət verib. Alimlər bu tədqiqatın beynəlxalq elm aləmində geniş müzakirələrə səbəb olacağını bildiriblər.

Dissertasiya işinin elmi rəhbəri Lion 2 Universitetinin professoru xanım Mişel Kazanova, jürinin digər üzvləri Lion 2 Universiteti və Lion Şərq Arxeologiyası İnstitutunun professoru Erik Tiro, rəyçilər İranın Tehrandakı Tarbiət Modarne Universitetindən Hejebri Nibari, Fransa Milli Təbiət Tarixi Muzeyi və Milli Elmi-Tədqiqat Mərkəzindən doktor Marjan Maşkur, İtaliyanın KaFoskari Venesiya Universitetinin professoru Elena Rova, Lion 2 Universiteti və Lion Şərq Arxeologiyası İnstitutundan dosent Suzan Dibo daxil olublar. Azərbaycandan isə elmi işin müdafiəsində AMEA-nın Naxçıvan bölməsinin professoru Vəli Baxşəliyev iştirak edərək iddiaçının tədqiqatını qiymətləndirib.

Qeyd edək ki, Nuridə Atəşi ilk dəfə olaraq Xocalı-Gədəbəy mədəniyyətini beynəlxalq səviyyədə tədqiq etməyə cəsarət edib. O, indiyə qədər bu mədəniyyətə verilən digər adlardan - "Gəncə-Qarabağ mədəniyyəti", "Mərkəzi Cənubi Qafqaz mədəniyyəti", "Samtavro mədəniyyəti", "Lçaşen-Metsamor mədəniyyəti", "Lçaşen-Tsitelqori mədəniyyəti" kimi adlardan imtina ediib və bundan sonra elmi ədəbiyyatda əslində ona xas "Xocalı-Gədəbəy mədəniyyəti" adının işlədilməsinin daha doğru olduğunu bildirib. 

Azərbaycanlı alim ilk dəfə olaraq 6 ölkənin (Almaniya, Avstriya, Fransa, Rusiya, Azərbaycan, Gürcüstan) muzey və arxivlərində 5 dildə (alman, ingilis, fransız, rus və Azərbaycan) tədqiqatlar aparıb, indiyə qədər lazımi qədər elmi diqqət yetirilməyən çoxlu sayda yeni kolleksiyalar, arxiv materialları aşkar edərək Xocalı-Gədəbəy mədəniyyətinin tədqiqat tarixini, tarixşünaslığını objektiv və tənqidi analizini verə bilib. O, Xocalı- Gədəbəy mədəniyyətinin Qafqazda yayılma arealını, xronologiyasını yenidən araşdırıb və abidələrini tədqiq edib. Tədqiqatçı, eyni zamanda muzey materiallarını tipoloji təhlil edib, kataloqunu hazırlayıb və Azərbaycan arxeologiyasına, onun inkişafına beynəlxalq səviyyədə elmi diqqət yetirilməsinə nail olub.

Əziz bacım Nuridə Atəşi bu ay məni ən çox sevindirən xəbər sənin bu uğurun oldu.Sənə bu yolda bolluca uğur arzu edirəm.

XalqTv-nin İcraçı direktoru,QMİB sədri,Prezident təqaüdcüsü Hacı Azadə Hüseynova.


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR