İqtisadiyyat

“Azərbaycanda qadın sahibkarlığın inkişafı” adlı konfrans keçirilib

  • 14 Nov 2018
  • 1238 baxış

“Azərbaycanda qadın sahibkarlığın inkişafı” adlı konfrans keçirilib



Noyabrın 14-də Bakıda Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində “Azərbaycanda qadın sahibkarlığın inkişafı” adlı konfrans keçirilib. Tədbir Amerika səfirliyinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi və USAID-in tərəfdaşı olan Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu tərəfindən təşkil olunub.

XalqTv.com xəbər verir ki, konfransda qadınların Azərbaycanda iqtisadiyyatın inkişafı və şaxələndirilməsində mühüm rolu barədə müzakirələr aparılıb.

Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədov bildirib ki, hazırda USAID qadın sahibkarlara dəstək göstərən bir neçə layihəni maliyyələşdirir. Bu layihələr biznes inkişaf təlimlərini, kiçik startuplara yardım və qadın resurs mərkəzlərini əhatə edir. Həmin layihələr Azərbaycanda müxtəlif yaşda olan qadınlara öz bizneslərini yaratmağa kömək edəcək.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gil qeyd edib ki, qadınların iqtisadiyyatda aktivliyinin artırılması ABŞ hökumətinin qlobal gender bərabərliyinə dair siyasətinin əsas elementlərindəndir, habelə iqtisadi inkişafın və icma dayanıqlığının mühüm aspektlərindəndir.

Kiçik və Orta Biznes Agentliyinin sədr müavini Nadir Adilov bildirib ki, kiçik və orta biznesin inkişafı üçün yaradılan “KOB evləri”ndə qadın sahibkarların inkişafı üçün “bir pəncərə” sistemi formalaşacaq.

N.Adilov vurğulayıb ki, qadın sahibkarlarımız “KOB dostları” şəbəkəsinə müraciət etməklə onları maraqlandıran sualları, problemləri həll edə bilərlər.

Azərbaycan Qadın Sahibkarlar Assosiasiyasının sədri Səkinə Babayeva bildirib ki, assosiasiyanın yaradılması məhz qadın sahibkarların inkişafı üçün geniş imkanlar yaradıb.

Sonra konfrans işini panel iclası ilə davam etdirib.

Panel iclasda “Qadın sahibkarlığının Azərbaycanda inkişafı yolları” mövzusu ətrafında müzakirələr aparılıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR